Türkiyə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran ilə işğalçı rejim arasında əldə olunan atəşkəslə bağlı olaraq bunları deyib:
“İki tərəf arasında atəşkəs razılaşmasının əldə olunması xəbərini məmnuniyyətlə qarşılayırıq. Bütün tərəfləri atəşkəsə tam əməl etməyə dəvət edirik.”
Ərdoğan, NATO Dövlət və Hökumət Başçıları Zirvəsində iştirak etmək üçün Haaqaya (Niderland) yola düşməzdən əvvəl Əsənboğa Hava Limanında keçirdiyi mətbuat konfransında açıqlamalar verib.
O deyib:
“İsrailin Fələstindən başlayaraq Livan, Suriya, Yəmən və nəhayət İrana qədər uzanan məsuliyyətsiz addımları heç bir halda qəbul edilə bilməz.”
Ərdoğan əlavə edib:
“Diplomatiyaya önəm verən prinsipial mövqeyimizi qətiyyətlə davam etdirəcəyik.”
Mətbuat konfransında Ərdoğan həmçinin vurğulayıb:
“Bölgəmiz, təsirləri bütün dünyada hiss olunacaq bir müharibənin ağırlığını daşıya bilməz. Silahların susması və ixtilafların həlli üçün diplomatiyaya şans verilməsi ən doğru, faydalı və ağıllı addım olacaqdır. Türkiyə olaraq beynəlxalq hüquqa əsaslanan və diplomatiyaya üstünlük verən prinsipial siyasətimizi qətiyyətlə davam etdirəcəyik.”
Beynəlxalq Atom Enerjisi Agentliyi
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) başçısı Rafael Qrossi “X” platformasında etdiyi paylaşımda, İranla bağlı açıqlanan inkişafları məmnuniyyətlə qarşıladığını bildirib.
Qrossi, uğurlu bir razılaşmanın açarının, İranla Agentlik arasında əməkdaşlığın yenidən başlanması olduğunu qeyd edib.
O, həmçinin İranın xarici işlər naziri Abbas Əraqçini nüvə proqramı ilə bağlı diplomatik müzakirələrə dəvət edib.
Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada atəşkəsin məmnuniyyətlə qarşılandığı bildirilib və “gərginliyin azaldılması üçün atılan bütün səylər” təqdir olunub.
Bütün tərəflərə sakitliyi qorumaq, güc tətbiqindən və ya güclə hədələməkdən çəkinmək çağırışı edilib.
Ər-Riyadın, regional münaqişələrin və qarşıdurmaların həllində dövlətlərin suverenliyinə hörmət əsasında və təhlükəsizlik, sabitlik və rifahın gücləndirilməsi prinsipi ilə dialoq və diplomatik yolları dəstəklədiyi bir daha vurğulanıb.
Misir
Misir Xarici İşlər Nazirliyindən verilən açıqlamada, atəşkəs razılaşmasından duyulan məmnuniyyət ifadə olunub və bu addım “son günlər bölgədə müşahidə olunan təhlükəli gərginliyi nəzarət altına almaq üçün əsaslı bir inkişaf” kimi dəyərləndirilib.
Açıqlamada bu addımın, gərginlik və hücumlar dövrəsini dayandırmaq, siyasi və diplomatik səylərin yenidən başlaması üçün münasib bir mühit yaratmaq baxımından real fürsət olduğu qeyd edilib.
Tərəflərə atəşkəsə əməl etmələri çağırışı edilərək bildirilib ki, Misir bölgənin sabitliyini təhdid edən böhranların davamlı və əhatəli şəkildə həll olunması üçün atəşkəsi gücləndirməyə və gərginliyi azaltmağa yönəlik regional və beynəlxalq tərəfdaşlarla diplomatik səylərini davam etdirəcək.
Fələstin məsələsinin bölgədəki qarşıdurmanın mərkəzində qalmağa davam etdiyi və ədalətli və hərtərəfli bir həllin təhlükəsizlik və sabitliyin təmin olunması üçün yeganə alternativ olduğu vurğulanıb.
Fələstin Muxtariyyəti
Fələstin rəhbərliyinin sədr müavini Hüseyn Əş-Şeyx deyib:
“İran ilə İsrail arasındakı atəşkəsi məmnuniyyətlə qarşılayırıq və ümumilikdə Fələstin xalqına, xüsusilə də Qəzza xalqına qarşı ardıcıl şəkildə həyata keçirilən hücumların dayandırılmasını istəyirik.”
4290670