“İQNA”-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, İstanbulun bələdiyyə sədri və digər rəsmilər karikaturanın dərcini kəskin şəkildə pisləyib, jurnalın bütün nömrələrinin yığışdırılması və onun sosial şəbəkə hesablarına girişin bloklanması barədə göstəriş veriblər.
Jurnalın karikaturaçısı Doğan Pehlivan, iki baş redaktor və məsul redaktor həbs olunublar. Etirazçılar jurnala məxsus İstanbulun İstiqlal küçəsində yerləşən redaksiya ofisi qarşısında camaatla birlikdə namaz qılıb.
Bu gün İstanbul bələdiyyə başqanı Beyoğlu bölgəsində bir günlük müddətə istənilən toplaşma və nümayişi qadağan edib. Bir neçə saat öncə bir qrup etirazçı jurnalın ofisinə daşla hücum edib.
Türkiyənin ədliyyə naziri bu karikaturanın dərcindən təəssüf etdiyini bildirərək deyib: “Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsinə əsasən ‘dini dəyərlərə açıq təhqir’ ittihamı ilə cinayət işi başlanılıb. Heç bir azadlıq, bir inancın müqəddəs dəyərləri ilə nalayiq şəkildə zarafat etməyə haqq vermir. Peyğəmbərin karikaturası və ya hər hansı bir şəkildə onun təsvirini təqdim etmək cəhdi, yalnız dini dəyərlərimizi deyil, həm də ictimai sakitliyi pozur. Milyonlarla müsəlmanın inancını təhqir edən bu təxribat xarakterli hərəkətə qarşı hüquqi tədbirlər gecikmədən görüləcək.”
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya da bəyanat yayaraq bildirib ki, həmin karikaturanı çəkən şəxs saxlanılıb. O deyib: “Peyğəmbərimizin karikaturasını çəkərək ixtilaf yaratmaq istəyənləri bir daha qınayıram. Bu iyrənc rəsmi çəkən şəxs həbs olunub. Bir daha təkrar edirəm: bu şəxslər qanun qarşısında cavab verəcəklər.”
Xarici işlər naziri Hakan Fidan da jurnalın bu addımına sərt reaksiya verib və onu pisləyib. Fidanın bəyanatında deyilir: “Peyğəmbərimizə (s) qarşı ‘yumor’ maskası altında həyata keçirilən bu əxlaqsız və təxribat xarakterli hücumu ən sərt şəkildə qınayıram. Əsrlərlə qoruduğumuz inancımıza, müqəddəs və əsas dəyərlərimizə qarşı nifrət cinayəti törədənlər və ictimai sabitliyimizi hədəfə alanlar mütləq ədalət qarşısında cavab verəcəklər. Biz ölkə daxilində və xaricində İslam və müsəlmanlara qarşı nifrət və düşmənçilik hisslərini alovlandırmağa çalışan hər cür düşüncə tərzinə qarşı barışmaz və qətiyyətli mübarizəmizi davam etdirəcəyik.”
4292008