Mütəal Allah bəşəri hidayət etmək üçün səmavi kitablar göndərib. Onların sonuncusu Qurandır. Allah-taala digər səmavi kitablarda olduğu kimi Quranda da bəndələrinə bir çox mesajlar verir. Bizim vəzifəmiz odur ki, ayələrdəki bu ilahi mesajları anlayıb və həyatımızda icra edək.
Bəyyinə surəsinin 5-ci ayəsində Allaha ixlasla ibadət mövzusuna işarə edərək buyurur: وَمَا أُمِرُوا إِلَّا لِیَعْبُدُوا اللَّهَ مُخْلِصِینَ لَهُ الدِّینَ
“Onlara ancaq Allaha ibadət etmək, dini Ona məxsus edərək ibadət etmək əmr olundu”. Bu ayədə vurğulanır ki, Allaha ibadət ixlas və niyyətin saflığı ilə müşayiət olunmalıdır.
Bu ayədə Allah bizdən xalisanə bəndəlik etməyimizi istəyir.
Bundan əlavə, bu məsələ ilə bağlı olan başqa bir ayə Bəqərə surəsinin 21-ci ayəsidir: “Ey insanlar, sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin ki, bəlkə müttəqi olasınız”. Bu ayə də bəndəlik və təqvanın birlikdə vacibliyini ifadə edir və xatırladır ki, bəndəlikdən məqsəd təqva məqamına çatmaqdır. Yəni insan dinini və həyatını Onun istədiyi şəkildə yaşmalıdır.
Həmçinin “Zümər” surəsinin 11-ci ayəsində buyurulur: “De: “Mənə dini Ona məxsus edərək Allaha ibadət etmək əmr olundu”. Bu ayə həm də bəndəlikdə ixlasın vacibliyini vurğulayır.
İnsan pula, məqama, şöhrətə, şəhvətə görə ibadət etməməlidir ki, bunların hamısı fanidir. İnsanların bəzən xoşuna gəlsə də, gəlməsə də, hər şey Allahla nizamlanmalıdır, ona görə də Allah və din hər şeydən üstündür. İnsan özünün azadlığı adı ilə dini məhdudlaşdırmamalıdır.
Bəs necə olmaq lazımdır və könüllü bəndəlik anlayışı nədir? Bu, insanın fitrətinə, ağlına və qəlbinə əlavə olaraq Quran ayələrinin də cavab verdiyi sualdır. Məsumların (ə) rəvayətləri də bu məsələni izah etmək üçün gəlmişdir. Təbii ki, ayə və rəvayətlərdə bəzən xüsusi, bəzən də ümumi ibadətdən bəhs edilir. O mənada ki, bəzən yuxuda olsaq da, heç bir hərəkət və ya əməl etməsək də, bizə bütün hallarda necə bəndəlik etməyi öyrədir, lakin bəzən yalnız xüsusi təsiri olan xüsusi ibadətə işarə edir.
Bəndəlik və ibadət dedikdə nəzərdə tutduğumuz eyni ümumi məfhumdur ki, namaz və oruc kimi əməllərə xas olmayan bütün düşüncələrimizi, hallarımızı və hərəkətlərimizi əhatə edir. Çünki deyildiyi kimi, bəndəlik müxtəlif formalarda təzahür edir, lakin onun həqiqəti bizim və varlığın yaradıcısı, Rəbbi və sahibi olan Allaha eyni şübhəsiz itaətdir.
“Maidə” surəsinin 117-ci ayəsində Hz.İsanın (ə) Qiyamət günü dediyi sözlər ifadə edilir. Bu ayədə Allaha deyir ki, mən qövmümə ancaq Sənin mənə əmr etdiyin şeyi söylədim: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin. Nə qədər ki, mən onların arasında idim, onların əməllərinə və inanclarına nəzarət edirdim. Mən onları tərk etdikdən sonra Sən Özün onlara gözətçi və şahid oldun”.
Bu ayələrdən başa düşülür ki, Allah bizdən Onun istədiyi kimi bəndəlik etməyimizi istəyir.
Hədislərdə qeyd olunub ki, Allah şeytana Həzrət Adəmə (ə) səcdə (təzim) etməsini istədiyi zaman şeytan Allahdan icazə istəyir ki, bu işi görməsin. amma əvəzində Ona elə ibadət edər ki, indiyə qədər Ona elə ibadət olunmayıb. Allah isə şeytana cavab verir ki, Onun istədiyi kimi ibadət etməlidir. Əgər öz istədiyi kimi ibadət edərsə, həqiqətdə özünə ibadət etmiş sayılar.
Məhərrəm ayı və Aşura günündə İmam Hüseynə (ə) əzadarlıq etməkdə ilahi şüarları əzəmətli tutmaq baxımından bir ibadətdir. Hər bir işi də Allahın təyin etdiyi vaxtda yerinə yetirmək lazımdır.
İslam dinində yeni ayın gəlməsinin yolu da bəyan olunub. O da budur ki, ya bir aydan 29 gün keçdikdən sonra gecə ay görsənərsə, yeni ay daxil olar. Amma əgər həmin vaxt ay görsənməzsə, qabaqkı aydan 30 gün keçdikdən sonra yeni ay daxil olmuş olar. Yəni qəməri ayları ya 29, ya da 30 gün olar.
Beləliklə, qeyd etməliyik ki, 2025-ci ildə də məhərrəm ayı iyun ayının 27-si daxil olub. Ona görə də Aşura günü iyul ayının 6-na təsadüf edir. Buna görə də biz Aşura gününü Allahın təyin etdiyi kimi öz zamanında keçirməliyik. Özümüz istədiyimiz kimi onu dəyişdirə bilmərik.