IQNA

Əl-Əzhər alimi: “Kərbəla qiyamının məqsədi dinin ruhunu və batinini diriltmək idi”

4:07 - July 08, 2025
Xəbər sayı: 3498487
İQNA – Misir Əl-Əzhər universitetinin müəllimi, şeyx ən-Nadi əl-Bədri öz çıxışında İmam Hüseynin (ə) qiyamının məqsədini İslamın dəyər və əxlaqlarının unudulduğu bir dövrdə dinin ruhunu və mənəvi əsaslarını yenidən canlandırmaq kimi izah edib. O bildirib ki, həmin dövrdə İslamın yalnız zahiri və boş ritualları qalmışdı.

Əl-Əzhər alimi: “Kərbəla qiyamının məqsədi dinin ruhunu və batinini diriltmək idi”İmam Hüseynin (ə) qiyamına dair Şeyx əl-Bədrinin çıxışının təfsilatı belədir:

(Bir nəfər İmam Hüseynə (ə)) dedi: Ey qardaş, bizimlə gələnlər şəhid olacaqlar, bəs gəlməyənlər necə olacaq?

İmam Hüseyn (ə) buyurdu: Belə insanlar bəzi həqiqətləri dərk edə bilməyəcəklər. Onlar müsəlmandırlar, lakin imamətin mənasını, İslam uğrunda fəda olmağın və qurban verilməyin mahiyyətini başa düşə bilməzlər.

“İza caə nəsrullahi vəl-fəth...” (Allahın köməyi və fəth gəldikdə...) ayəsindəki zəfər yalnız kafir orduları üzərində hərbi qələbə və onların torpaqlarına daxil olmaq demək deyil. Əgər bu qələbə ilə yanaşı, Allah onların qəlblərini İslam dəyərlərinə açmamışsa, bu, həqiqi zəfər sayılmaz. Bu cür qələbəni biz ancaq döyüş meydanında qazanılan zəfər kimi görürük, amma bu, əsl zəfər deyil.

İmam Hüseyn (ə) buyurdu: “Kim bizi tanımazsa, qələbəni də tanımaz. Belə şəxs, din və İslam dəyərləri uğrunda fədakarlığın və qurban verməyin həqiqətindən xəbərsizdir”.

Bu, Peyğəmbərimizin (s) qoyduğu təməl idi. Qureyş kafirləri onun yanına gəlib, onu dəvətindən əl çəkməyə çağırdılar və bunun əvəzində ona çoxlu mal, sərvət və hakimiyyət təklif etdilər. Onlar dedilər: “Sənə Səba, Həzrəmövt, Hümeyr, Kisra və Qeysər hökmdarlarının saraylarından daha yaxşı saraylar tikəcəyik”.

Peyğəmbər (s) buyurdu: “Ey əmi, Allaha and olsun ki, əgər günəşi sağ əlimə, ayı isə sol əlimə versələr və məni bu dəvətdən döndərməyə çalışsalar belə, mən bu dəvətdən əl çəkmərəm. Ya Allah onu qalib edər, ya da bu yolda canımı verərəm”.

İmam Hüseynin (ə) qiyamının əsas məqsədi Allahın dinini zahir etmək idi. O din ki, onun müqəddəslikləri tapdanmışdı. İnsanlar artıq şəxslərə ibadət edirdilər, sərvətə sitayiş edirdilər. İnsanlar Üməyyə xəlifələrinin qızılına və vəzifələrinə pərəstiş edirdilər. Biri Rey vilayətinin hakimiyyətini istəyirdi, o biri Bəsrənin. Biri Xorasanı istəyirdi, o biri isə Mavəraünnəhrin, ya da Misirin idarəsini arzulayırdı.

İnsanlar dinlərini, dəyərlərini və əxlaqlarını satırdılar. Din sadəcə zahiri bir formaya çevrilmişdi, onun ruhu və mənəvi dəyəri yox olmuşdu. Azanlar ruhsuz olmuşdu. Namaz qılanlar artıq namazın ruhundan uzaq idilər. Lakin bir şəxs tapıldı ki, əhdinə və vədinə sadiq qaldı. Artıq İslamın ruhu nə rituallarda, nə də müsəlmanların vicdan və həyatında görünmürdü. Məhz buna görə ağa və rəhbərimiz İmam Hüseyn (ə) qiyam etdi ki, insanları şəxslərə ibadətdən Allaha ibadətə yönəltsin. Çünki babası Peyğəmbərin (s) dəvətinin əsası bu idi: insanları zülmətdən nura çıxarmaq.

İmam Hüseyn (ə) buyurdu: “Mən cəddimin ümmətində islahat aparmaq üçün qiyam etmişəm. Məqsədim yaxşılığa əmr, pislikdən çəkindirmə əməlini diriltməkdir. Mənim qiyamım nə təkəbbür, nə kef, nə fitnə, nə də zülm məqsədi daşıyır. Ağa Hüseyn (ə) bu məqsədlə qiyam etdi ki, batilin qarşısını alsın”.

kod

4291750

captcha