“İQNA”-nın “Əl-Cəzirəyə” istinadla verdiyi xəbərə görə, üç aydan çox müddətdə həbsdə saxlanılan keçmiş tələbə fəalı Mahmud Xəlil ABŞ-ın prezidenti Donald Tramp hökumətinə qarşı qanunsuz həbsə görə iddia qaldıraraq 20 milyon dollar təzminat istəyib.
Mahmud Xəlil bu şikayətində bildirib ki, Tramp hökuməti onun nüfuzuna zərər vurub, qərəzli şəkildə onu hüquqi təqibə məruz qoyub və qanunsuz olaraq həbs edib.
Xəlil Associated Press agentliyinə verdiyi müsahibədə deyib: “Ümid edirəm ki, bu iddia Tramp hökumətinə göstərər ki, fəalları zorakılıqla susdurmaq mümkün deyil.”
Kolumbiya Universitetində fələstin tərəfdarı etiraz aksiyalarının sözçüsü kimi fəaliyyət göstərən Xəlil bildirib ki, iddiası nəticəsində əldə edəcəyi vəsaiti Trampın susdurmağa çalışdığı digər fəallara yardım üçün istifadə etməyi planlaşdırır. O, həmçinin Associated Press-ə açıqlamasında deyib ki, Tramp hökumətinin deportasiya siyasətlərinə görə üzr istəməsini və həmin siyasətləri yenidən nəzərdən keçirməsini qəbul edəcək.
Qeyd edək ki, Mahmud Xəlil Trampın Harvard və Kolumbiya kimi nüfuzlu universitetlərə qarşı yeni kampaniyası çərçivəsində həbs edilən fələstin tərəfdarı tələbə və fəallardan yalnız biridir. Tramp bu universitetləri solçulara, kommunistlərə və fələstin tərəfdarlarına güzəştə getməkdə, həmçinin yəhudi və İsrail əleyhinə olmaqda ittiham edir.
4293690