“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Lüdmila Anofrieva xəstəliyin onu ölüm yatağına salmasından, lakin möcüzəvi şəkildə sağalaraq İslamı qəbul etməsinə gətirib çıxarmasından danışaraq belə dedi: “2021-ci ilin aprelində İslamı qəbul etdim. Ailəm bu qərarıma təəccüblə, lakin anlayışla yanaşdı. İslamı qəbul etmək üçün İstanbuldakı Ayasofya məscidini seçdim və bu din mənim həyatımı kökündən və daha yaxşı istiqamətdə dəyişdirdi.”
“İmanla xərçəngi məğlub etdim”
Lüdmila bildirdi ki, həkimlər ona xərçəngin bədəninə yayılmasından sonra sadəcə iki aylıq ömrünün qaldığını deyiblər. Onun bu xəbərə reaksiyası belə olub: “Mən yaşayacağam.” O qeyd edib ki, bu dövrdə Allahın ona olan mərhəməti və ailəsinin dəstəyi onun əsl dayağı olub.
O əlavə edib: “Bu xəstəlik mənə çox şey öyrətdi və məni saflaşdırdı. Bu çətinliklərin öhdəsindən gəldikdən sonra başa düşdüm ki, ən vacib olan şey güc və inamdır. Mən də görüşdüyüm hər bir xəstəyə bunu ötürməyə çalışıram: İnam əsasdır.”
Albinizm xəstələrinə yardım
Lüdmila sağ qalmasından sonra İslamı qəbul etdi və yaşadığı ağrıları Seneqalda bir xeyriyyə layihəsinə çevirdi. O, “Mila for Africa” adlı bir fond yaratdı və bu fond Afrikada iki imkansız qrupa — xərçəng xəstələrinə və albinizmli insanlara (dəri, saç və gözlərdə piqment çatışmazlığı ilə müşahidə olunan genetik xəstəlik) yardım göstərməyə fokuslanır.
Lüdmila bu fond vasitəsilə bu uşaqlara tibbi və psixoloji dəstək verir və maarifləndirmə proqramları ilə cəmiyyətdəki yanlış təsəvvürləri dəyişməyə çalışır. O həmçinin bu uşaqların məktəblərə inteqrasiyası üçün çalışır ki, onları təcriddən xilas etsin. Lakin o vurğulayır ki, zehniyyətin dəyişməsi uzunmüddətli bir prosesdir və bu uşaqların səsinin eşidilməsi üçün media və maliyyə dəstəyinə ehtiyac var.
O, sözlərini belə bir tövsiyə ilə tamamladı: “Allaha inanın, mərhəmətli olun və yaxşılıq edin. Ancaq yaxşı əməllərlə və ehtiyacı olanlara kömək etməklə biz bu dünyanı birlikdə dəyişə bilərik.”
4293868