“İQNA”-nın “Əl-İttihad” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, bu karvan 11 iyul cümə günü Əlcəzairin Məskər vilayətində Turizm və Sənətkarlıq İdarəsinin əməkdaşlığı ilə və “Qurani-Kərimin nuru – hidayət və azad insanların xatirəsini yaşatmaq bizim öhdəliyimizdir” şüarı ilə fəaliyyətə başlayıb.
Karvan ilk dayanacağında Məskər şəhərində yerləşən “İmam Müslim” mərkəzi məscidində Quran proqramı keçirib. Tanınmış əlcəzairli qarilər bu proqramda Qurani-Kərim tilavəti ediblər.
Əlcəzairin tanınmış və milli qarilərindən Əbdüləziz Səhim, Əbdülkərim Bəlhəsən və Əbdülmünim Barudi bu məsciddə Quran tilavəti proqramını icra edən qarilər olublar. Karvanın növbəti üç gün ərzində Məskər, əl-Kərt, Ğəris, Tiqnif, Vadi Tağiyə, Məhəmmədiə, Furuhə, əl-Burc, Ayn Farəs və Buhənifiyyə şəhərlərindəki məscidlərdə də proqramları davam etdirəcəyi nəzərdə tutulur.
Məskər vilayətinin Dini İşlər və Vəqflər İdarəsinin rəisi Əli Zənadırənin sözlərinə görə, bu karvan sözügedən şəhərlərdəki məscidlərə səfərləri zamanı Əlcəzairin müxtəlif bölgələrindən olan 10 qarinin Qurani-Kərim tilavətini nümayiş etdirəcək.
Bu tədbir çərçivəsində, həmçinin Quran məktəbləri və Məskər vilayətindəki dini mərkəzlərdə (zəviyələrdə) təhsil alan şagirdlərin iştirakı ilə dini fəaliyyətlər, o cümlədən ibtihal və mədhiyyə ifaları da təqdim ediləcək.
Bundan əlavə, məscid imamları və Məskər Dini İşlər və Vəqflər İdarəsinin rəsmiləri tərəfindən Qurani-Kərimin qorunması və tilavətinin fəzilətləri mövzusunda dini dərslər və çıxışlar da tədbirin digər hissələrini təşkil edəcək.
Əli Zənadırə əlavə edib ki, karvanın proqramı Məskər şəhərində yerləşən “Osman ibn Əfvan” məscidində təşkil olunacaq və dini şənliklə başa çatacaq. Bu şənlikdə tədbirdə iştirak edən qarilər və həmçinin Məskər vilayətinin Quran məktəblərində qeydiyyatda olan, Qurani-Kərimi hifz etmiş və 9-14 yaş arasında olan uşaqlar təltif ediləcəklər.
4294085