“İQNA”-nın “voi.id” saytına istinadən verdiyi xəbərə görə, İndoneziya Din İşləri Nazirliyi Quran müəllimlərinə peşəkar tilavət sertifikatı verilməsini bu sahədəki tədrisin keyfiyyətini artırmaq və onların fəaliyyətini peşəkar səviyyəyə çatdırmaq məqsədilə Peşəkar Tilavət Sertifikatlaşdırma İnstitutu (LSP) vasitəsilə həyata keçirir.
Bu barədə İndoneziya Din İşləri Nazirliyinin İslam dini maarifləndirmə idarəsinin müdiri Əhməd Əz-Zəyadi belə deyib: “Biz Quran müəllimlərinin peşəsinə layiqincə yanaşılmasını və bu fəaliyyətin bir peşə kimi qəbul edilməsini istəyirik”.
O əlavə edib: “Quran müəllimlərinin səriştəsini və tədris səviyyəsini müəyyən etmək, həmçinin Quran təlimində davamlı bir təhsil sistemi qurmaq üçün bir yol mövcuddur. Artıq bu peşəni yalnız könüllü bir rol kimi və heç bir bacarıq formalaşdırmadan tərk etmək olmaz”.
Əz-Zəyadi bildirib ki, Quran təlimi prosesi təşkilatlanmış, davamlı və cəmiyyətə təsir göstərən bir sistemə doğru inkişaf etməlidir. Quran tilavəti yalnız tribunalarla məhdudlaşmamalı, onun məzmununu dərk etmək və araşdırmaq, dini savadı artırmaq və cəmiyyəti maarifləndirmək istiqamətində davam etməlidir.
Onun sözlərinə görə, Quran müəllimlərinə peşəkar tilavət sertifikatı verilməsi İndoneziyada Quranın inkişafı sistemini gücləndirmək, müəllimlərin səriştəsini təsdiqləmək və onlar üçün rəsmi sertifikat almaq imkanı yaratmaq baxımından mühüm vasitədir.
Əz-Zəyadi vurğulayıb ki, Quran tilavəti milli bir hərəkata çevrilməlidir. Doğru tərzdə və Quranı anlamağa əsaslanan tilavət, şüurlu həyat tərzi və Quranın məfhumlarının həyata tətbiqi bu istiqamətdə diqqət mərkəzində olmalıdır.
O həmçinin qeyd edib: “Peşəkar tilavət sertifikatlarının təqdim olunması ilə Quran təlimi prosesi daha istiqamətli, ölçülə bilən və peşəkar olacaq. Quran müəllimləri təkcə tilavətə deyil, eyni zamanda öyrətdikləri Quran məzmununun əxlaqi, ictimai və mənəvi prinsiplərinə də bələd olmalıdırlar”.
4294055