“İQNA”-nın “Ən-Nəbə” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Misirin Vəqflər Nazirliyi bildirib ki, Misir vətəndaşları üçün nəzərdə tutulmuş şifahi seçim imtahanı 32-ci beynəlxalq Quran müsabiqəsində iştirak üçün 2025-ci il iyulun 20-dən başlayaraq iyulun 27-dək davam edəcək.
Bu imtahanda ən yüksək nəticə göstərən iştirakçılar Misiri bu beynəlxalq Quran tədbirində təmsil edəcəklər və dünyanın digər ölkələrindən gələn iştirakçılarla birlikdə bu yarışda iştirak edəcəklər.
Vəqflər Nazirliyi tabeliyində olan idarələrə göstəriş verib ki, iştirakçıları imtahanda səhər saat 10:00-da iştirak etmələrinin vacibliyi barədə məlumatlandırsınlar. Nazirlik, misirli iştirakçıların imtahana lazım olan sənədlərlə gəlməli olduqlarını da vurğulayıb.
Lazımi sənədlərə şəxsiyyət vəsiqəsinin surəti və əsli, doğum şəhadətnaməsi, azyaşlı iştirakçılar üçün qəyyumun şəxsiyyət vəsiqəsinin surəti, əlilliyi olan şəxslər üçün isə tibbi arayış və ya vahid xidmət kartı daxildir.
Nazirlik, iştirakçıların əvvəlcədən elan olunmuş şərtlərə tam əməl etmələrinin vacibliyini vurğulayıb və bu şərtlərə əməl edilməməsinin yarışın istənilən mərhələsində iştirakçının diskvalifikasiyası ilə nəticələnə biləcəyini bildirib.
Nazirlik həmçinin əlavə edib ki, misirli iştirakçılar bu keçid vasitəsilə şifahi imtahana buraxılanların adları və imtahan tarixləri ilə tanış ola bilərlər.
32-ci beynəlxalq Misir Quran müsabiqəsi mərhum və tanınmış qarilərdən olan Şeyx Şəhhat Məhəmməd Ənvərin xatirəsinə həsr olunaraq 2025-ci ilin dekabr ayında (1447-ci hicri qəməri ilin Cəmadiüssani ayı, yəni cari ildə təxminən dekabrın ortalarında) keçiriləcək. Bu tədbirdə İslam dünyasında gözəl və təsirli tilavətləri ilə tanınan böyük misirli qarilər təqdir ediləcək.
Bu yarışın kateqoriyalarına aşağıdakılar daxildir:
Həfs rəvayəti üzrə təcvidlə və ayələrin təfsiri, səbəbi-nüzulu ilə Quran əzbəri,
Ərəb dili bilməyənlər üçün Həfs rəvayəti üzrə təcvidli Quran əzbəri,
Həfs və ya Vərş (və ya hər iki) rəvayəti ilə təcvid və təfsirli Quran əzbəri,
Həfs və ya Vərş rəvayəti üzrə Quran əzbəri və 29–30-cu cüzlərin təfsiri əsasında (mənbə: “əl-Bəyan əla əl-Müntəxəb fi Təfsiril-Quranil-Kərim”),
Gözəl səs və təcvidlə tilavət,
Əlillər üçün xüsusi bölmə: Həfs və ya Vərş rəvayəti ilə 30-cu cüzün təfsiri və “əl-Bəyan” kitabı əsasında Quran əzbəri,
Quran ailələri üçün xüsusi bölmə: Həfs və ya Vərş rəvayəti ilə Quran əzbəri, anlayış və qrammatik təhlil,
Səbu Qiraət (yeddi qiraət) üzrə Quran əzbəri və təcvid – Şatıbi üsulu ilə və izahlı şəkildə.
Qeyd edək ki, Misirin müxtəlif dövrlərdə keçirilmiş beynəlxalq Quran əzbər və tilavət müsabiqələri tanınmış qarilərin adları ilə yad edilmişdir. Məsələn, 26-cı yarış Şeyx Mahmud Xəlil əl-Husari və 27-ci yarış ustad Əbdül-Basit Əbdüs-Səmədin adı ilə təşkil olunmuşdur.
4294658