IQNA

Səudiyyə Ərəbistanında

“Qurani-Kərimin köçürülməsi alətləri tarixi boyunca” kitabı nəşr olundu

3:38 - July 19, 2025
Xəbər sayı: 3498547
İQNA - Səudiyyə Ərəbistanında yerləşən “Kral Əbdüləziz Fondu” tərəfindən “Qurani-Kərimin köçürülməsi alətləri tarixi boyunca” adlı yeni bir kitab çap və nəşr olunub.

“Elmstba.net” saytının verdiyi xəbərə görə, bu kitab Əbdül-Möhsün ibn Məhəmməd ibn Məmmər tərəfindən yazılıb və 172 səhifədən ibarətdir. Kitab ərəb dilindədir və elmi etibarlı bir mənbə kimi Qurani-Kərimin köçürülməsində istifadə olunan alətlərin təkamül prosesini vəhyin Peyğəmbərə (s) nazil olmasından rəqəmsal çap texnologiyalarının meydana çıxmasına qədər araşdırır.

Kitabda müsəlmanların Qurani-Kərimi toplamaq və qorumaq sahəsində 14 əsrdən artıq müddətdə göstərdikləri səylər əks etdirilir. Qurani-Kərimin Peyğəmbər (s) dövründə dəri, lövhə və daş parçaları üzərində əllə yazılmasından bəhs edilir.

Əsərdə həmçinin Qurani-Kərimin xəlifə Əbu Bəkr dövründə toplanması, Osman ibn Əffan dövründə birləşdirilməsi, daha sonrakı İslam dövrlərində hərəkələmə, səsli nişanlama və bəzəklərlə yazı sənətinin inkişafı, eləcə də kağız, səs daşıyıcıları və rəqəmsal çap mərhələləri də geniş şəkildə izah olunur.

Kitabın diqqətçəkən xüsusiyyətlərindən biri də təkcə tarixi məlumatların təqdim olunması deyil, həm də qələm, mürəkkəb, dəri, taxta və çiyin kimi Qurani-Kərim yazmaq üçün istifadə olunan vasitələrin və səthlərin nadir şəkillərinin təqdim edilməsidir. Bu da oxucuya elmi və sənədli vizual bir təcrübə qazandırır.

Kitabda həmçinin Səudiyyə Ərəbistanının Qurana xidmət istiqamətində gördüyü işlərdən, məsələn, Mədinədə yerləşən Kral Fəhd Qurani-Kərim Çap Kompleksinin təsisindən bəhs olunur. Müəllif istifadə olunan alətlərin xüsusiyyətləri və fərqlərini araşdırır, Qurani-Kərimi yazan Peyğəmbərin (s) səhabələrinin adlarını qeyd edir və Osman bin Affana nisbət verilən Quran nüsxəsinin müasir ölçü vahidləri əsasında təxmini ölçülərini təqdim edir.

Bu kitabı Kral Əbdül-Əziz Fondunun onlayn mağazasından, rəsmi vebsaytından, fondu satış mərkəzlərindən və ya rəsmi distribütorlər vasitəsilə əldə etmək mümkündür.

4294505

Teqlər: quran ، ərəbistan ، tarix ، kitab
captcha