“İQNA”-nın “Press TV”-yə istinadla verdiyi xəbərə görə, yazıçı və həkim olan Qriyan Kutanda, 10 iyun tarixində Qəzzə xalqına qarşı törədilən soyqırıma etiraz olaraq başladığı məhdudiyyətsiz aclıq aksiyasını davam etdirmək üçün Belçikanın paytaxtı Brüsselə köçüb.
Bu təşəbbüs, İsrailin Fələstin xalqına qarşı davam edən təcavüzünə qarşı Avropa İttifaqı qurumlarını qətiyyətli mövqe tutmağa məcbur etmək məqsədilə başlatılmış beynəlxalq kampaniyanın bir hissəsidir.
Kutanda aclıq aksiyasına rəsmi şəkildə Niderlandın Haaqa şəhərindən – Beynəlxalq Ədalət Məhkəməsinin yerləşdiyi məkandan başlayıb.
O, rəsmi bəyanatında beynəlxalq hüquq və Avropa konvensiyalarına əsaslanan tələblər irəli sürüb və Avropa İttifaqını Qəzzəyə qarşı təcavüzün dayandırılması üçün təsirli tədbirlər görməyə çağırıb.
Bu ispan fəal, Avropa İttifaqı ilə İsrail rejimi arasında əməkdaşlıq sazişinin dayandırılmasını tələb edir. O, bu tələbini ciddi hüquq pozuntularına görə sazişlərin dayandırılmasına imkan verən hüquqi müddəalara əsasən irəli sürüb.
Fələstin tərəfdarı olan bu həkim və yazıçı, eyni zamanda İsrail rejiminin baş naziri Benyamin Netanyahunun və onun kabinetinin sanksiyalara məruz qalmasını tələb edib. Bu tələb, Xalqara Cinayət Məhkəməsinin Netanyahunun Qəzzədə törətdiyi müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə barəsində çıxardığı beynəlxalq həbs qərarına əsaslanır.
O, həmçinin Avropa İttifaqının İsrailə qarşı ümumi ticarət embarqosu tətbiq etməsi və xüsusilə silah ticarətinin dərhal dayandırılmasını istəyib. Çünki bu ticarət, birbaşa olaraq müharibənin və təcavüzün davam etməsinə və insan haqlarının pozulmasına yardım edir.
O bildirib: “Qəzzədə baş verənlərlə müqayisədə aclıq aksiyası heç nədir. Qəzzədə insanlar dəhşətli aclıqdan əziyyət çəkirlər və çoxları sadəcə yemək, su və ya tibbi yardım axtardıqları üçün öldürülürlər”.
İspaniyalı bu həkim vurğulayıb ki, biz hərəkətlərimizi davam etdirməli və diqqətimizi Qəzzədəki əzab-əziyyətlərə yönəltməliyik.
Onun aclıq aksiyası, Qəzzədə həyata yaşatmaq üçün beynəlxalq fəallar şəbəkəsi tərəfindən təşkil olunan daha geniş bir kampaniyanın – “Qəzzədə həyat üçün qlobal oruc” – bir hissəsidir. Kampaniyanın şüarı isə belədir: “Qoy gözlərimiz onların bombalarını söndürsün”.
Bu kampaniya, dünyada yaşayan insanlara çağırış edir ki, Qəzzə xalqı ilə həmrəylik əlaməti olaraq – hansı ki, mühasirə və daimi bombardmanlar nəticəsində şiddətli aclıqdan əziyyət çəkirlər – həftədə imkanları daxilində 12, 24 və ya 48 saatlıq aralıqlı oruc tutsunlar.
Kampaniya getdikcə daha çox dəstək və beynəlxalq diqqət qazanmaqdadır. İndiyədək 24-dən çox ölkədən onlarla insan bu aksiyada iştirak edib.
4294683