IQNA

İspaniyalı yepiskop Kataloniyadakı məscidə edilən hücumu pislədi

13:32 - July 21, 2025
Xəbər sayı: 3498558
İQNA - İspaniyalı yepiskop Kataloniyanın Piera şəhərində tikintisi davam edən bir məscidə edilən hücumu pisləyərək, kilsənin resurslarını müsəlman icmasının ixtiyarına verdiyini bildirib.

“Aleteia” saytının xəbərinə görə, Barselonanın 15 kilometr cənub-qərbində yerləşən Sant Feliu de Llobregat yepiskopu ölkədəki bir məscidə edilən hücumu yad düşmənliyi və vandalizm aktı kimi qiymətləndirərək kəskin şəkildə qınayıb.

Yepiskop Xavyer Qomez verdiyi açıqlamada bu hadisədən dərin təəssüf hissi keçirdiyini bildirib və bölgədəki müsəlman icmasına kilsənin dəstəyini ifadə edib.

“O, qapılarını belə açmamış bir ibadətgah idi. Bu hücum təkcə müsəlman qonşularımıza qarşı deyil, həm də şəhərimizdəki şərəf və birgəyaşayış anlayışına qarşı bir zərbədir,” – deyə o bildirib.

Yepiskop Qomez, hər hansı dinə mənsub insanlara qarşı törədilən zorakılıq aktlarını ədalətli cəmiyyətin təməlini təşkil edən dəyərlərə xəyanət adlandırıb.

Kataloniya Daxili İşlər naziri Nuria Parlon daha əvvəl yanğının qəsdən törədildiyini göstərən sübutların olduğunu bildirmişdi. Əgər bu təsdiqlənsə, hadisəyə nifrət cinayəti kimi hüquqi qiymət verilə bilər.

“RAC1” radiosuna danışan Parlon, nifrət dolu ifadələrin internetdə və siyasi arenada “məsuliyyətsiz və sistematik şəkildə” yayılması tendensiyasının təhlükəli olduğunu vurğulayıb.

Hələ istifadəyə verilməmiş məscid yanğın nəticəsində ciddi ziyan görüb. Kataloniyanın əsas müsəlman federasiyaları bu hadisəyə etiraz olaraq birgə bəyanat yayaraq, bu hücumu şəhərin uzun illərdir davam edən sülh və birgəyaşayış ənənəsini pozmağa yönəlmiş “qorxaqcasına bir hücum” adlandırıblar və kəskin şəkildə pisləyiblər.

4295042

Teqlər: İspaniya ، yepiskop ، barselona ، məscid
captcha