“İQNA”-nın “qna.org” saytına istinadən verdiyi xəbərə görə, bu kitab ərəb dilində “رسالة القرآن: Qurani-Kərimin Mesajı” adı ilə və «إِنَّ هَذَا الْقُرْآنَ يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ – Həqiqətən bu Quran insanları ən doğru yola yönəldir» şüarı altında Qətərin Vəqflər Nazirliyinin İslam Araşdırmaları və Tədqiqatlar İdarəsinin mədəni layihələri çərçivəsində yenidən nəşr edilib.
Qətər Vəqflər Nazirliyi yaydığı bəyanatda bildirib ki, bu kitab oxucular və ziyalıların istəklərinə cavab olaraq, 2010-cu ildə Qətər Müshəfinin çapının tamamlanması münasibətilə nəşr edilmiş ilk tirajın satılıb qurtarmasından sonra yenidən çap olunub.
Qətər Vəqflər Nazirliyinin İslam Araşdırmaları və Tədqiqatlar İdarəsinin müdiri şeyx Əhməd bin Məhəmməd ibn Ğanim Əl-Sani bildirib ki, bu kitab ərəb və İslam ölkələrindən olan bir qrup müəllif və tədqiqatçının əsər və düşüncələrinin xülasəsini təqdim edir. Əsərdə Qurani-Kərimin ümmətin sivilizasiyasının inkişafındakı mərkəzi rolu, dini baxışların islahında Quranın yanaşması və vəhyin ümumbəşəri mesaj olması kimi mövzulara toxunulub.
O əlavə edib ki, bu kitab Quranın düşüncə və təfəkkürü təşviq edən rolunu açıqlayır və kainat elmləri üzərində aparılan tədqiqatları inkişafın açarı kimi dəyərləndirərək bu sahədə elmi təhlillərə təşviq edir.
Əl-Sani vurğulayıb ki, “Qurani-Kərimin Mesajı” əsərində saleh bir sivilizasiyanın təməl prinsipləri və onun süqut səbəbləri Qurani-Kərimin baxış bucağı ilə – iman, əxlaqi dəyərlər və maddi inkişaf əsasında – təqdim olunub.
O, bu kitabın yenidən çap olunmasının Vəqflər Nazirliyinin elmi mənbələrlə mədəni mühiti zənginləşdirmək öhdəliyinin göstəricisi olduğunu və oxuculara Quranın mesajı və onun sivilizasiya rolu barədə daha dərin anlayış qazandırmaq məqsədi daşıdığını vurğulayıb.
4295238