“İQNA”-nın “əl-Qüds əl-Ərəbi”yə istinadən verdiyi xəbərə görə, Şəfa Xəstəxanasının direktoru Məhəmməd Əbu Səlimiyə aclığın qurbanlarından biri kimi şəkər xəstəsi bir uşağın adını çəkib və bildirib ki, bu uşaq müalicə üçün lazım olan uyğun qidalanma və tibbi qulluq olmadığından həyatını itirib. Bu fakt Qəzzada qida və tibbi yardım böhranının nə qədər ağır olduğunu göstərir.
Əbu Səlimiyə vurğulayıb ki, hazırkı vəziyyət sadəcə qida çatışmazlığı deyil, bütün yaş qruplarını – uşaqlardan tutmuş yaşlılara qədər – əhatə edən tam aclıq böhranıdır.
O xəbərdarlıq edib ki, minimum qida tələbatı ödənilmədikcə, aclıq çəkən xəstələrə effektiv müalicə göstərmək mümkün deyil və bu, tibb personalı üçün böyük bir çətinliyə çevrilib.
Qəzza müharibəsinin başlanmasından 658 gün keçməsinə baxmayaraq, işğalçı ordunun tətbiq etdiyi mühasirə nəticəsində fəlakət bölgəsinə çevrilmiş Qəzza zolağında aclıq tüğyan edir və aclıqdan ölüm halları artmaqda davam edir.
Bu arada, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi bildirib ki, tibbi personal və xəstələr gündə bir dəfə belə yemək yemirlər və bu da onların vəzifələrini yerinə yetirmək qabiliyyətini təhlükə altına salmaqla yanaşı, aclıqdan ölüm hallarının açıq göstəricisidir.
4296164