IQNA

Almaniyada məktəblərdə İslam dərslərinin tədrisi ilə bağlı çağırış

11:45 - July 30, 2025
Xəbər sayı: 3498613
İQNA - Almaniya Təlim və Tərbiyə İttifaqı ölkədəki bütün məktəblərdə İslamla bağlı dərslərin tədris edilməsini istəyib.

“İQNA”-nın “Deutsche Welle”yə istinadla verdiyi xəbərə görə, Almaniya Təlim və Tərbiyə İttifaqı (VBE) dini-İslami təhsilin əhatə dairəsinin bütün Almaniya məktəblərinə yayılmasını və bəzi əyalətlərdə tətbiq olunan bu dərslərin mövcud təcrübəsinin qiymətləndirilməsini istəyib.

İttifaqın rəhbəri Gerhard Brand bu ölkənin “RND” azadlıq şəbəkəsinə verdiyi açıqlamada bildirib: “Bütün inanclı insanlar məktəblərdə öz dini etiqadları barədə müzakirələr aparmaq və öz dinləri, eləcə də digər dinlərlə bağlı məlumat almaq imkanına sahib olmalıdırlar”.

Brand siyasətçilərə çağırış edərək dini-İslami təhsilin bütün Almaniya məktəblərində başlamasını, bunun üçün lazım olan kadr və büdcənin təmin edilməsini və bu hədəfə çatmaq üçün orta müddətdə təcili tədbirlərin görülməsini istəyib. O, mövcud təkliflərin qiymətləndirilməsinin, zəruri hallarda onların təkmilləşdirilməsinin və sürətlə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd olunur ki, Almaniyanın müxtəlif əyalətlərində İslam dini dərsləri fərqli şəkildə tətbiq olunur. Hazırda Şimali Reyn-Vestfaliya, Bavariya, Hessen, Aşağı Saksoniya və Saarland kimi əyalətlərdə məktəblərdə dini-İslami dərslər keçirilir.

Almaniya Müəllimlər İttifaqının rəhbəri Stefan Dahl isə bildirib ki, Almaniyada təlim almış və dövlət sertifikatı olan müəllimlər tərəfindən dövlət məktəblərində keçirilən dini dərslər ailə və ya internet vasitəsilə yayıla biləcək fundamentalist inanclara qarşı tarazlayıcı rol oynaya bilər.

Qeyd edilir ki, Almaniyada təxminən 5.5 milyon müsəlman yaşayır.

4297042

Teqlər: almaniya ، təlim ، İslam ، məktəb
captcha