IQNA

Hindistanlı Müsəlmanların Qəzzəyə Dəstək Tələbi

11:52 - July 30, 2025
Xəbər sayı: 3498615
İQNA - Hindistandakı İslam təşkilatlarının liderləri hökumətdən Qəzzəyə dəstək vermək və sionist rejimin hücumlarının dayandırılması üçün addımlar atmağı tələb ediblər.

“İQNA”-nın “Əl-Mərkəz əl-Fələstini lil-İlam” informasiya portalına istinadla verdiyi xəbərə görə, İslam təşkilatlarının rəhbərləri Qəzzəyə həmrəyliklərini ifadə edərək, Hindistan hökumətindən sionist rejimin Qəzza zolağında həyata keçirdiyi soyqırım və aclığın dayandırılması üçün ciddi tədbirlər görməsini istəyiblər. Onlar Dehlidən Hindistanın müstəqillikdən əvvəlki dövrlərdən bəri Fələstin məsələsinə verdiyi ənənəvi dəstəyi bərpa etməsini tələb ediblər.

Bu məsələ bu gün Hindistan Mətbuat Klubunda keçirilən mətbuat konfransında gündəmə gətirilib.

Cəmaate-İslami Hind təşkilatının rəhbəri Səadətullah Hüseyni Hindistan hökumətinin mənəvi və insani öhdəliklərinə sadiq qalmasının vacibliyini vurğulayaraq, İsraili dəstəkləməkdən çəkinməyə çağırıb. O, Fələstinli məzlumların əzablarına qarşı hökumət və cəmiyyətin bütün təbəqələrindən güclü reaksiya verilməsinin vacibliyini qeyd edib.

Zəfərül-İslam Xan bildirib ki, bir əsrdən çox müddətdə formalaşan beynəlxalq hüquq bu gün İsrail və onun Qərbli müttəfiqləri, xüsusilə ABŞ və Britaniya tərəfindən pozulur. Bu, BMT-də 140-a yaxın ölkənin hücumların dayandırılması ilə bağlı çağırışlarına baxmayaraq baş verir.

O həmçinin qeyd edib ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahunun və digər nazirlərin həbsinə dair qərar çıxarıb.

Zəfərül-İslam Xan vurğulayıb ki, bu gün dünyanın əksər xalqları Fələstinin yanındadır və Afrika, Asiya və Cənubi Amerika ölkələri İsrailə qarşı konkret addımlar atıblar. Onlar Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı iddia qaldırıb. Halbuki Qərb ölkələri Qəzzada baş verənlərin qeyri-qanuni olduğunu bildikləri halda yenə də təcavüzkarı dəstəkləyirlər.

O bildirib ki, Qəzzada baş verənlər müasir tarixdə ilk soyqırımdır ki, fasiləsiz olaraq və canlı şəkildə dünya ictimaiyyətinə yayımlanır. Lakin dünya bu soyqırımı qarşısında susur və siyasi dairələr bu cinayətlərdə şərikdir.

Zəfərül-İslam Xan İslam və Ərəb ölkələrinə açıq mesaj göndərərək, onların Qəzzada baş verən qətliamlar qarşısında heç bir addım atmamasını kəskin şəkildə tənqid edib. O bildirib ki, bu susqunluq “utancverici və alçaldıcıdır” və bu ölkələr tarix qarşısında cavabdeh olacaqlar.

O qeyd edib ki, Fələstin İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının üzvü olsa da, misli görünməmiş soyqırım qarşısında tək buraxılıb.

4297077

captcha