“İQNA”-nın “Şəhab” Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, HƏMAS rəsmi bəyanat yayaraq sionist rejimin Qəzza zolağında davam edən mühasirəsi və geniş yayılmış aclıqla bağlı xəbərdarlıq edib və bildirib ki, vəziyyət soyqırımın ən təhlükəli mərhələsinə daxil olub.
Bəyanatda deyilir: “Beş aydan çoxdur ki, Qəzza xalqı tam mühasirədədir və ərzaq, dərman, uşaq südü və digər həyati ehtiyaclardan məhrumdur. İki milyondan çox fələstinli, o cümlədən 40 min körpə dərhal ölüm təhlükəsi ilə üz-üzədir, 60 min hamilə qadın isə ciddi həyati təhdidlərlə qarşı-qarşıyadır. İşğalçı sionist rejim ərzağı qətliam silahına, humanitar yardımları isə xaos və talan vasitəsinə çevirib”.
Bəyanatda əlavə olunur: “Qəsdən yoxsulluq və aclıq yaratmaq mühəndisliyi” adı altında həyata keçirilən siyasət çərçivəsində Qəzzaya daxil olan yardım maşınlarının əksəriyyəti məqsədli şəkildə hücum və qarətə məruz qalır ki, bu da yardımın mülki əhali arasında təhlükəsiz və effektiv şəkildə paylanmasının qarşısını alır”.
HƏMAS bildirir ki, Qəzza xalqının minimum ehtiyaclarını qarşılamaq üçün gündəlik 600-dən çox yardım və yanacaq daşıyan yük maşını tələb olunur, lakin faktiki olaraq gələn yardım bu miqdarın çox cüzi hissəsini təşkil edir.
HƏMAS həmçinin bəyan edib ki, Qəzzada analar uşaq südünün olmaması səbəbilə körpələrinə yalnız su verməyə məcbur olurlar və indiyədək 154 fələstinli, o cümlədən 89 uşaq aclıqdan həyatını itirib. Bu arada, yüzlərlə insan gündəlik olaraq qidalanma çatışmazlığı və zəifləmiş bədənlərlə üzləşir. Səhiyyə infrastrukturunun isə demək olar ki, tamamilə çökdüyü bildirilir.
Bəyanatda qeyd olunur ki, sionist rejimin humanitar yardım göndərilməsi ilə bağlı iddiaları sadəcə nəticəsiz hava və quru nümayişləridir; bu yardımların əksəriyyəti təhlükəli ərazilərdə buraxılır və bu, nəinki faydasızdır, hətta insanların həyatını da təhlükəyə atır.
HƏMAS eyni zamanda işğalçı rejimi yardım işçilərini qəsdən hədəf almaqda və hərbi himayə altında olan qarətçi qrupların fəaliyyətini asanlaşdırmaqda ittiham edib.
Hərəkat beynəlxalq qurumlara səslənərək İsrailin aclıq mühəndisliyi siyasətini ifşa etməyə çağırıb və bildirib: “Bu fəlakətə son verməyin yeganə yolu mühasirənin dərhal və qeyd-şərtsiz ləğvi və keçid məntəqələrinin tam açılmasıdır. Hər hansı gecikmə, uşaqlar, xəstələr və yaşlılar kimi ən həssas təbəqələrə qarşı soyqırımın davamı demək olacaq”.
Fələstin İslami Müqavimət Hərəkatı bəyanatın sonunda azad xalqlara və insan hüquqları və humanitar təşkilatlara çağırış edərək, etirazlarını genişləndirməyə və işğalçıların təsirindən və cinayətlərindən uzaq, yardımların çatdırılması və paylanması üçün müstəqil və təhlükəsiz beynəlxalq mexanizm yaratmağa çağırıb.
4297340