“İQNA”-nın “Berita” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, Malayziyanın 65-ci Beynəlxalq Quran Müsabiqəsinin açılış mərasimi avqustun 2-si axşam saatlarında Qambiya və Mərakeş nümayəndələrinin çıxışı ilə Kuala Lumpur Dünya Ticarət Mərkəzində (WTCKL) baş tutdu.
Malayziyanın Baş naziri Ənvər İbrahim bu Quran məclisində iştirak edərək 65-ci Beynəlxalq Quran Tilavəti və Hifzi müsabiqəsinin rəsmi açılışını elan etdi. Onunla yanaşı, Baş nazirin dini işlər üzrə naziri Məhəmməd Naim Muxtar, səhiyyə naziri Zülkəfli Əhməd və dövlətin baş katibi Şəms əl-Əzəri Əbubəkr də tədbirdə iştirak edirdilər.
22 yaşlı Qambiya təmsilçisi Abdullah Cubb müsabiqədə səhnəyə çıxan ilk iştirakçı oldu və tilavətini təqdim etdi. Onun ardınca Mərakeşdən qatılan Fatimə Zəhra əs-Səffar Quran tilavəti etdi.
Qambiyalı qarinin tilavət videosunu aşağıda izləyə bilərsiniz.
Məlumata görə, bu gün – avqustun 3-ü axşam saatlarında İran, Sinqapur və Əlcəzairdən olan iştirakçılar tilavətlərini təqdim edəcəklər.
İranı bu müsabiqədə təmsil edən görkəmli qari Möhsün Qasimi İran Qurani-Kərim Qari və Hafizlərinin Ezam və Dəvət Komitəsi tərəfindən 65-ci Beynəlxalq Quran Müsabiqəsində iştirak üçün seçilib.
Həmçinin Qurani-Kərim müəllimi və veteranı Qulamrza Şahmiyvə İsfahani bu yarışın münsiflər heyətində iştirak edir.
Malayziya Beynəlxalq Quran Tilavəti və Hifzi Müsabiqəsinin (MTHQA) 65-ci mərhələsi avqustun 2-də Kuala Lumpur Dünya Ticarət Mərkəzində (WTCKL) açılıb və avqustun 9-na qədər davam edəcək. Bu mərhələnin şüarı “Sivil bir ümmət qurmaq”dır və yarışda 49 ölkədən 71 iştirakçı qatılıb.
Malayziyanı təmsil edən iştirakçılar: tilavət üzrə kişilər kateqoriyasında İman Rızvan Məhəmməd Rəmlan (Perak) və qadınlar kateqoriyasında Van Sofiya Eyni Van Məhəmməd Zahidi (Terengganu), hifz üzrə isə Məhəmməd Ədib Əhməd Rəzini (Perak) və Putri Auni Xədicə Məhəmməd Hənif (Kelantan).
Müsabiqədə birinci yerin qalibi 40 min ringgit, ikinci yer 30 min ringgit və üçüncü yer 20 min ringgit pul mükafatı ilə yanaşı, Malayziya İslam İqtisadi İnkişaf Fondundan hədiyyələr qazanacaq.
4297872