“İQNA” xəbər verir ki, “Əl-Əxbəriyyə” saytının məlumatına görə, Fransanın Lion şəhərində yerləşən bir məhkəmə, ötən ilin iyul ayında ölkənin şərqindəki Villerban şəhərində yerləşən Ər-Rahmə məscidində bir Quran nüsxəsini yandırdığı üçün 27 yaşlı fransız vətəndaşı Lionel M-i bir il müddətinə azadlıqdan məhrum edib.
Hadisənin təfərrüatları France 3 Regions tərəfindən yayımlanıb. Məlumata görə, ittiham olunan şəxs gecə vaxtı məscidin namaz zalına daxil olub, bir Quran nüsxəsini oğurlayaraq yandırıb və hadisə yerindən qaçmazdan əvvəl onu məscidin qarşısında yanar vəziyyətdə tərk edib.
Lakin polis təhlükəsizlik kameraları vasitəsilə onu dərhal müəyyənləşdirib və elə həmin gecə həbs edib. O, ona qarşı irəli sürülən bütün ittihamları qəbul edib.
Həmin şəxsin “paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkdiyi və 18 yaşından bəri müalicə aldığı bildirilir. Buna baxmayaraq, məhkəmə psixoloji ekspertiza rəyi əsasında onun əməllərinin şüurunda olduğunu, sadəcə olaraq bunun qismən pozulduğunu əsas götürərək, onu cinayət məsuliyyətinə cəlb etməyə qərar verib.
Məhkəmə onu 9 ay həbs və ardından 3 ay şərti azadlıq cəzası ilə yanaşı, 2 il ərzində Villerban şəhərinə girmək qadağası və mənəvi ziyana görə təzminat ödəməyə məhkum edib.
Prokurorluq isə öz çıxışında bildirib ki, cəmiyyət bu hərəkətdən – yəni müqəddəs bir simvola qarşı edilən bu təhqirdən – dərin şəkildə sarsılıb.
Prokurorluğun açıqlamasına görə, bu şəxs daha əvvəl də cinayətlər törədib və üç dəfə təhdid, oğurluq və cinsi yaxud irqi kimliklə bağlı nifrət cinayətlərinə görə məhkum olunub.
Həmşinin təqsirləndirilən şəxs özünü belə müdafiə etməyə çalışıb: “Mən islamofob deyiləm. Xəstə idim və dini baxımdan düşünmürdüm. Sadəcə bir kitab gördüm.” Lakin bu izahatlar məhkəmə tərəfindən qəbul edilməyib və bu hərəkət İslam dininin hörmətinin açıq şəkildə pozulması kimi qiymətləndirilib.
4298266