“İQNA”-nın “Bərnama xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, Qurani-Kərimi əzbərləyən və Fələstin adından Malayziyanın 65-ci beynəlxalq Quran müsabiqəsində iştirak edən Cinan Nəbil Məhəmməd Nufəl adlı qız bu yarışmalarda ilk dəfə iştirak edir.
Cinan Quranı əzbərləmə üzrə iştirak edən səkkiz yarışmaçıdan biridir. O, dünən hazırda Kuala Lumpur Ümumdünya Ticarət Mərkəzində keçirilən Malayziya Müqəddəs Quranın Tilavəti və Hifzi üzrə 65-ci Beynəlxalq Müsabiqəsində (MTHQA) yarışıb.
24 yaşlı və tələbə olan Cinan bildirib ki, Malayziya beynəlxalq yarışması onun ilk beynəlxalq təcrübəsidir.
O, Qüds şəhərindən təxminən 20 kilometr aralıda yerləşən Qəlqiliyyə şəhərindəki Nur əl-Təcvid və Təḥfiz əl-Quran məktəbində təhsil alır və hər gün azı beş-on cüz Quranı təkrar edir.
Beş bacı-qardaşdan ən kiçiyi olan Cinan deyib: “Quran əzbərinə uşaq yaşlarımdan başladım ki, valideynlərim mənimlə fəxr etsinlər.”
Malayziyanın 65-ci beynəlxalq Quran müsabiqəsi avqustun 2-də Qambiya və Mərakeş nümayəndələrinin tilavəti ilə Kuala Lumpur Ümumdünya Ticarət Mərkəzində öz işinə başlayıb.
Bu mərasimin açılışında Malayziyanın Baş naziri Ənvər İbrahim, dini işlər üzrə nazir Məhəmməd Naim Muxtar, səhiyyə naziri Zülkəfli Əhməd və baş katib Şəms əl-Əzəri Əbubəkr iştirak ediblər.
İranı təmsil etmək üçün isə tanınmış qari Möhsün Qasemi Quran qariləri və hafizlərinin göndərilməsi və dəvəti komitəsi tərəfindən seçilib.
Həmçinin İranın tanınmış Quran müəllimi və təcrübəli qarisi Qulamrza Şahmeyvə İsfahani bu yarışmanın münsiflər heyətində yer alıb.
Malayziya beynəlxalq Quran müsabiqəsi avqustun 9-na qədər davam edəcək. Bu ilki yarışmanın şüarı “Mədəni bir ümmət qurmaq”dır və 49 ölkədən 71 iştirakçını bir araya gətirib.
4298398