“İQNA”-nın “Darul-Məarif”ə istinadən verdiyi xəbərə görə, “əl-Müttəhidə” şirkətinin Misirdəki dini idarəsinin rəhbəri Yusif Əmir bildirib: “Misir Qurani-Kərim” tətbiqi Quranı əzbərləmək və Qurani elmləri yaymaq üçün yenilikçi bir vasitədir.
O əlavə edib ki, bu tətbiqdən istifadə edənlər Quranı təcvidlə və mərtəl oxunuşla 47 məşhur misirli qarinin – o cümlədən ustad Əbdl-Basit Əbdüs-Səməd, şeyx Tablavi, Menşavi və Misir Quran Radiosu tərəfindən təsdiqlənmiş gənc qarilərin – səsi ilə dinləyə bilərlər.
Onun sözlərinə görə, qarini və surəni seçmək, “Müshəf Muəllim” vasitəsilə Quranı öyrədici xidmətlərdən – şeyx Mahmud Xəlil əl-Husərinin tədris qiraəti ilə – faydalanmaq, namaz vaxtlarını öyrənmək və qiblə istiqamətini təyin etmək də bu tətbiqin imkanları sırasındadır.
Əmir vurğulayıb ki, tətbiqin inkişafının son mərhələsinə Misir Darul-İftasının etiqad, ibadət, muamilə və əxlaq mövzularında fətvalarının təqdim olunacağı xüsusi bölmə, həmçinin fətva soruşmaq və müftilərdən operativ cavab almaq imkanı əlavə edilib.
O bildirib ki, istifadəçilər bu tətbiq vasitəsilə “Misir Qurani-Kərim” peyk kanalının canlı yayımlarına da baxa bilərlər. Bu kanal misirli qarilərin qiraəti ilə Quran tilavətini təqdim edir, iki gün ərzində Quranın xətmini həyata keçirir və Həcc ilə Ümrə ibadətlərinə dair dini məlumat və hökmləri yayımlayır.
“Əl-Müttəhidə” şirkətinin dini idarə rəhbəri onu da vurğulayıb ki, istifadəçilərin tətbiqdən rahat faydalanması üçün səylər göstərilir və bəzi xidmətlər – məsələn, təsdiqlənmiş qarilərin səsi ilə Quran dinləmək – internet olmadan da təqdim olunur.
O, həmçinin Qurani-Kərim və səs tətbiqlərinin təqdimində dəqiqliyə riayət etməyin vacibliyini qeyd edərək bildirib: “Misir Qurani-Kərim” tətbiqi etibarlı bir mənbədir, halbuki bəzi süni intellekt əsaslı proqramlarda səhvlər olur və ya tilavət qaydaları təhrif edilir.
4300141