IQNA

Almaniyada müsəlmanlara qarşı artan iş ayrı-seçkiliyi

9:30 - August 18, 2025
Xəbər sayı: 3498706
İQNA - Bir hesabatın məlumatına görə, Almaniyada yaşayan xaricilər və müsəlmanlar iş mühitində getdikcə daha çox ayrı-seçkiliklə üzləşirlər.

“İQNA”-nın “Anadolu” Agentliyinə istinadla verdiyi xəbərə görə, Almaniyanın Zigen Universiteti tərəfindən aparılan bir araşdırma, xaricilərə qarşı geniş yayılmış iş ayrı-seçkiliyini üzə çıxarıb. Bu insanlar Avropanın bu ölkəsində iş tapmaqda və ya peşəkar inkişafda ciddi problemlərlə qarşılaşırlar.

“Aparıcı yerlər: mənşə performansdan daha önəmlidir” adlı bu araşdırmaya əsasən, Almaniyada yaşayan xaricilər işəgötürənlərin seçimlərində ayrı-seçkiliyə məruz qalırlar. Bu sırada ərəblər və türklər iş diskriminasiyasını ən çox yaşayan qruplar arasında yer alır.

Tədqiqat çərçivəsində müxtəlif şirkət və müəssisələrə 100 peşə təhsili üçün müraciət göndərilib. Hər bir müraciətdə ərizəçinin alman və ya xarici olduğunu göstərən adlar qeyd olunub.

Nəticələrə görə, “Lukas Beker” kimi alman adları ilə göndərilən müraciətlər 67 müsbət və ya mənfi cavab alıb. Halbuki ən az cavab alan ad “Həbibə Mahmud” olub və onun müraciətinə yalnız 36 cavab gəlib.

Türk adları isə cavabsız qalma baxımından ikinci yerdə olub. Məsələn, “Yusif Kaya” adlı müraciətlərin yalnız 52-si cavab alıb.

Türkiyədə Miqrasiya Araşdırmaları Mərkəzinin direktoru Əli Zəfər Sağraoğlu bu mövzu ilə bağlı deyib: “Bu araşdırmanın nəticələri Almaniya cəmiyyətində institusional irqçiliyin və xariciləri qəbul etməməyin mövcudluğunu sübut edir.”

O əlavə edib: “Hər bir ölkədə xarici kimi yaşamağın özünəməxsus çətinlikləri var, lakin bu problem Almaniyada açıq-aşkar görünür və bunu rəqəmlərlə, faktlarla göstərmək mümkündür.”

Mərkəz rəhbəri qeyd edib ki, hazırda təhsil və gündəlik həyat kimi sahələrdə çətinliklərlə üzləşən insanlar iş tapmaq və karyera imkanlarında da ayrı-seçkilikdən əziyyət çəkirlər. Türklərin, ərəblərin və rusların təqdim etdikləri iş müraciətlərinə rədd cavabı verilməsi və ya ümumiyyətlə cavab verilməməsi bu ayrı-seçkiliyin açıq göstəricisidir.

O əlavə edib: “Türklərin vəziyyətinə baxsaq, onların Almaniyaya ilk miqrasiya dalğasından bu yana 60 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də bu cür irqçilik və ayrı-seçkilik halları davam edir. Bu araşdırmanın nəticələri göstərir ki, Almaniya hələ də bu problemi aradan qaldıra bilməyib.”

4300217

captcha