IQNA

Ərəbistan beynəlxalq Quran müsabiqəsinin bağlanış mərasimi keçiriləcək

11:23 - August 20, 2025
Xəbər sayı: 3498721
İQNA - Ərəbistanın Kral Əbdül-Əziz adına Qurani-Kərimin hifzi, tilavəti və təfsiri üzrə 45-ci beynəlxalq müsabiqəsinin bağlanış mərasimi, çərşənbə günü təşkil olunacaq.

“İQNA”-nın “Məkkə Nyus”-a istinadən verdiyi xəbərə görə, Kral Əbdül-Əziz Qurani-Kərimin hifzi, tilavəti və təfsiri üzrə 45-ci beynəlxalq müsabiqəsinin bağlanış mərasimi çərşənbə günü Məkkə bölgəsinin valisinin müavini, şahzadə Səud bin Məşəl bin Əbdül-Əzizin iştirakı ilə keçiriləcək.

Bu mərasim Məscidülhəramda təşkil olunan altı günlük müsabiqənin yekununu təşkil edir. Bu yarışda dünyanın müxtəlif ölkələrindən gəlmiş hafizlər beynəlxalq ixtisaslı münsiflər heyətinin nəzarəti altında bir-biri ilə yarışdılar.

Qeyd edək ki, bu yarış dünyada ən nüfuzlu Quran müsabiqələrindən biri hesab olunur. Onun təşkilini İslam İşləri, Dəvət və İrşad naziri, şeyx Əbdül-Lətif bin Əbdül-Əziz Ali şeyxin nəzarəti altında Dəvət və İrşad Nazirliyi həyata keçirir. Hazırkı mərhələdə 128 ölkədən 179 iştirakçı qatılıb və bu, müsabiqənin başlanğıcından bəri iştirakçı ölkələrin ən çox sayıdır.

Ərəbistan beynəlxalq Quran müsabiqəsinin 45-ci mərhələsi beş istiqamətdə keçirilib: Qurani-Kərimin tam hifzi, gözəl qiraət və yeddi mütəvatir qiraət üzrə təcvidlə; Qurani-Kərimin tam hifzi, gözəl qiraət, təcvid və kəlamullahın bütün sözlərinin təfsiri ilə; Qurani-Kərimin tam hifzi, gözəl qiraət və təcvidlə; 15 cüzün ardıcıl hifzi, gözəl qiraət və təcvidlə; həmçinin Qurani-Kərimin 5 cüzünün ardıcıl hifzi, gözəl qiraət və təcvidlə.

Qaliblərə ümumilikdə dörd milyon Səudiyyə rialı məbləğində mükafat təqdim ediləcək. Dünyanın ən nüfuzlu və mötəbər Quran yarışlarından biri olan bu müsabiqədə qaliblər Məscidülhəramda keçiriləcək bağlanış mərasimində təltif olunacaqlar.

Xatırladaq ki, Kral Əbdüləziz Qurani-Kərimin hifzi, tilavəti və təfsiri üzrə 45-ci beynəlxalq müsabiqəsinin final mərhələsi avqustun 18-də (şənbə günü) Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğ və İrşad Nazirliyinin təşəbbüsü ilə Məkkədə Məscidülhəramda start götürüb.

4300681

captcha