“İQNA”-nın “Times of India” qəzetinə istinadən verdiyi xəbərə görə, Hindistanın Karnataka ştatından olan Fatimə Səcla İsmayıl Qurani-Kərimin bütün mətnini əl ilə, ənənəvi stilus qələmi vasitəsilə köçürməyi başa çatdırıb.
Fatimə, Qurani-Kərimin 30 cüzünü əhatə edən bu nüsxənin köçürülməsi üçün təxminən 2416 saat vaxt sərf edib. Əl işinə marağı olan bu xanım, Kumbra şəhərindəki Əl-Hüda Qadınlar Kollecində təhsil alıb. O, valideynlərinin təşviqi ilə 2021-ci ilin yanvar ayında, COVID-19 karantin dövründə bu layihəyə başlayıb. İşin davamı uzun müddət eyni oturuşda qalmağı, eləcə də bütün səhifələrdə hərflərin və sözlərin ahəngdar yazılışını tələb edib.
Onun atasının sözlərinə görə, işin əvvəlində mürəkkəb damcısı səhifələri korladığı üçün Fatimə yenidən başlamağa məcbur olub. O, 2024-cü ilin oktyabrında yenidən işə başlayıb və 2025-ci il avqustun 2-də Quranın köçürülməsini tamamlayıb. Bu proses ümumilikdə 302 gün çəkib və hər səhifənin yazılması təxminən dörd saat vaxt aparıb.
Əl ilə köçürülmüş bu nüsxə 604 səhifədən ibarətdir və ağ, açıq mavi və açıq yaşıl vərəqlərdə, ərəb xətti ilə, qara mürəkkəbdən istifadə olunaraq yazılıb. Cildlənmiş nüsxənin üz qabığı qırmızı və qızılı rənglərlə bəzədilib, çəkisi 13,8 kq, ölçüləri isə 22 × 14 × 5,5 düymdür.
Rəsmi təqdimat mərasimi Kerala şəhərindəki Darul-Ülumun alimi Müris Yasin Səxafiy əl-Əzhəri tərəfindən, din alimlərinin və kollecin nümayəndələrinin iştirakı ilə keçirilib.
Bu müsəlman qadının ailəsi bildirib ki, əl yazmasının nümayişi üçün bir neçə müraciət alıblar və böyük alimlərlə məsləhətləşdikdən sonra onun harada saxlanılacağına qərar verəcəklər. Onlar həmçinin bu əsərin “Limka Rekordlar Kitabı”na daxil edilməsi üçün müraciət etməyi nəzərdən keçirirlər.
4300689