IQNA

Suriyada druz şeyxinin separatçı pıçıltıları

9:58 - August 27, 2025
Xəbər sayı: 3498760
İQNA - Hikmət əl-Hicri – Suriyadakı druz şeyxlərindən biri –etdiyi çıxışında ölkəsindən ayrı bir “druz bölgəsi”nin yaradılmasını tələb edib.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, Suriyadakı druz şeyxlərindən biri olan Hikmət əl-Hicri bazar ertəsi günü ölkəsindən ayrı bir “druz bölgəsi”nin yaradılmasını tələb edib.

Bu separatçı tələb, onun cənubdakı Süveyda vilayətində “Milli Qvardiya” adlı bir hərbi qüvvənin yaradıldığını elan etməsindən bir gün sonra irəli sürülüb.

Anadolu, Suriya mediasına istinadən əlavə edib ki, Hikmət əl-Hicrinin sözləri Qanavatdakı Ruhani Rəhbərlik İdarəsində hərbi qrupların nümayəndələri ilə görüş zamanı səsləndirilib.

Əl-Hicri deyib: “Milli Qvardiya qüvvələri əlaqədar ölkələrin təminatı ilə torpaqlarımızı müdafiə edəcəklər.” Son vaxtlar druz qrupları arasında daxili ixtilafların güclənməsinin ardınca bu tayfadan olan bir neçə silahlı dəstə, rəqib axınları kənara qoyaraq Hikmət əl-Hicrinin rəhbərliyi altında “Milli Qvardiya” qüvvələrini təsis ediblər.

Suriya mənbələrinin verdiyi xəbərə görə, Süveyda və Cəbəl əl-Ərəbdən bir neçə druz silahlı qrupu birgə bəyanat yayaraq “Milli Qvardiya Qüvvələri” adlı vahid hərbi qurumun yaradıldığını elan ediblər. Bəyanata əsasən, “Milli Qvardiya” özünü druz tayfasının rəsmi hərbi orqanı kimi təqdim edir və əsas məqsədini “Cəbəli və druz kimliyini qorumaq” olaraq açıqlayıb. Bu qüvvələr həmçinin vurğulayıblar ki, tayfanın yeganə qanuni rəhbəri şeyx əl-Hicridir və digər dini rəhbərlər – Şeyx Həmud əl-Hənəvi və Şeyx Yusif Cərbuu – nəzərə alınmır.

Bu druz şeyxi iddia edib ki, onlar Süveyda vilayətində bir ölkə səviyyəsində yeni bir düzən qurmağa nail olublar və bunun yeni bir hərbi təşkilatı və hüquqi komitəsi var.

O, davam edərək deyib: “Biz bütün dünyanın şərəfli insanlarından istəyirik ki, cənubi Suriyada druz cəmiyyəti olaraq yanımızda dayansınlar ki, bizi qorumaq üçün əbədi olaraq ayrıca bir bölgə elan edilsin.”

Anadolunun yazdığına görə, Süveyda druzlarının üç şeyxi (dini rəhbəri) var: “Həmud əl-Hənəvi, Yusif Cərbuu və Hikmət əl-Hicri. Onların mövqeləri bəzən fərqli olur və müşahidəçilərin sözlərinə görə, onların tərəfdarları əksəriyyəti təşkil etməyən azlıqdır və cəmiyyətin həqiqi mövqeyini təmsil etmir”.

Cərbuu və əl-Hənəvi bundan əvvəl dəfələrlə İsrail rejimindən dəstək istəməkdən imtina etdiklərini bildiriblər və milli birlik mövqeyində israr ediblər.

Eyni zamanda, Hikmət əl-Hicri dəfələrlə Təl-Əvivdən müdaxilə tələb edib və sionist rejiminə minnətdarlığını ifadə edib. Fəallar bu addımı vilayətdəki son böhranın həlli səylərinə maneə hesab ediblər.

Son vaxtlar sionist rejiminin Suriyanın cənubunda atdığı addımlar göstərir ki, bu rejim suriyalı druzları öz tərəfinə çəkməyə və onları bu ölkənin yeni hakimlərinə qarşı çıxmağa vadar etməyə çalışır. Bu, “parçala və hökm sür” siyasəti çərçivəsindədir.

Analitiklərin fikrincə, Təl-Əvivin əsas məqsədi Suriyanın cənubunda muxtar bir dövlət qurmaq və ölkəni parçalamaqdır.

“The Wall Street Journal”ı da təsdiqləyib ki, İsrail Suriyada hər hansı birliyin yaranmasından ciddi şəkildə narahatdır.

Hesabata görə, sionist rejimi həmçinin Suriyanın hərbi bazalarını və bu ölkənin yeni bölgələrini yenidən hədəfə alaraq hakim üsyançıların hərbi güclənməsinin qarşısını almağa çalışır. Suriyalı druzlara maliyyə və siyasi dəstək isə işğalçıların maraqları istiqamətində ölkədə xaosun qorunması məqsədinə xidmət edir.

4301702

Teqlər: druzi ، suriya ، sionist rejim ، süveyda
captcha