Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, ivrit dilli “Yisrael Hayom” qəzetinin yazdığına əsasən, imza atanlar arasında yunan rejissor Yorgos Lantimos, amerikalı rejissorlar Eva DuVernay və Adam McKay, britaniyalı rejissor Mike Leigh kimi tanınmış adlar var. Həmçinin aktrisa Oliviya Colman, Amy Lou Wood, Zubaba Asiedu, aktyorlar Josh O’Connor, Ayo Edebiri, Mark Ruffalo və Cynthia Nixon da müraciəti imzalayanlar sırasındadır.
Onlar bəyanatlarında yazıblar: “Biz, kino yaradıcıları, aktyorlar və kino sənayesi fəalları olaraq, bu sənətin fikirlərə və baxışlara təsir gücünü yaxşı bilirik. Bu həssas məqamlarda – bəzi dövlətlərin Qəzza fəlakətində şərik olduğu bir vaxtda – biz zülmlərə qarşı çıxmaq üçün bütün səylərimizi göstərməliyik.”
Onlar əlavə ediblər: “Beynəlxalq Ədalət Məhkəməsi xəbərdarlıq edib ki, Qəzzada real soyqırımı təhlükəsi mövcuddur və İsrailin işğalçılığı ilə fələstinlilərə qarşı aparteid sistemi qeyri-qanunidir.”
İmza atanlar vurğulayıblar: “Bərabərlik, ədalət və azadlığı müdafiə etmək hər bir insan üçün mənəvi bir vəzifədir və heç kim bunu görməzlikdən gələ bilməz. Biz fələstin xalqına qarşı törədilən zülmlərə qarşı mövqe tutmalıyıq.”
Bu qrup bəyan edib ki, “Aparteidə qarşı birləşmiş filmçilər” təşəbbüsünə qoşularaq İsrail kino qurumları – festivallar, kinoteatrlar, yayım platformaları və istehsal şirkətləri ilə əməkdaşlıqdan, orada filmlərin nümayişindən və iştirakdan imtina edəcəklər. Çünki bu qurumlar fələstinlilərə qarşı soyqırımı və aparteid siyasətində şərik hesab olunurlar.
Onlar dünyanın bütün kino fəallarını bu hərəkata qoşulmağa, işğalçı sionist rejimin fələstin xalqına qarşı ədalətsizliyinə və zülmünə qarşı qlobal mövqeni gücləndirməyə çağırıblar.
4304226