Tanzaniyadakı İran mədəniyyət müşaviri və Afrika məsələləri üzrə mütəxəssis Məhəmməd Mahsən Mərufi “Tarixi Fələstin imtahanında heç bir Afrika ölkəsi İsrailin tərəfində dayanmadı” başlıqlı qeyddə yazır: “12 sentyabr BMT Baş Assambleyasında müstəqil Fələstin dövlətinin yaradılması ilə bağlı “Nyu-York Bəyannaməsi” üzrə keçirilən səsvermə bütün ölkələr, o cümlədən Afrika dövlətləri üçün İsrailin cinayətləri qarşısında ən aydın tarixi sınaqlardan birinə çevrildi. Bu səsvermə Afrika ölkələri üçün böyük siyasi xərc daşımırdı, çünki həm Afrika İttifaqının bu mövzuda aydın mövqeyi vardı, həm də iki dövlətli həll illər əvvəl beynəlxalq sənədlərdə təsbit olunmuşdu”.
Bu səsvermədə diqqətçəkən məqam ondan ibarət idi ki, heç bir Afrika ölkəsi İsrailin tərəfində dayanmadı və İsrail bu dəfə yanında heç bir Afrika ölkəsini görmədi. Bu isə Fələstin cəbhəsi üçün bu böyük və təsirli qitədə mühüm bir uğur sayılır.
Hətta Qana, Keniya, Benin, Toqo, Burundi və Ruanda kimi ölkələr – ki, əvvəllər belə məsələlərdə nisbətən İsraillə həmfikir olur, bəzi mövqelərdə isə ona yaxınlıq göstərirdilər – bu dəfə müstəqil Fələstin dövlətinin yaradılmasının lehinə səs verdilər. Bu meyil bir çox Afrika dövlətlərinin xarici siyasətinin qədim prinsiplərinə söykənir; yəni milli müqəddəratı təyin etmə haqqı, işğala qarşı çıxmaq və humanitar böhranlara həssas yanaşmaq.
İsrailin bu müharibədə misilsiz cinayətləri onun qatil mahiyyətini daha da üzə çıxardı və Afrika dövlətləri, həmişə humanitar və bəşərpərvər prioritetləri önə çəkən ölkələr olaraq, zalımı və aparteid dövləti olan İsraili müdafiə etmə rüsvayçılığı ilə damğalanmaq və xalqlarının qarşısında başıaşağı olmaq istəmirlər. Onlar dəfələrlə göstəriblər ki, hətta İsraillə əlaqə qursalar belə, bu, səslərini İsrailin xeyrinə verəcəklərinə zəmanət deyil.
Bununla belə, səsvermədəki 10 bitərəf səsin içində dörd böyük Afrika ölkəsinin adı gözə çarpır: Efiopiya, Konqo Demokratik Respublikası, Kamerun və Cənubi Sudan. Çoxluğun Fələstinin yanında olduğu halda, bitərəflər sırasında yer almaq belə, müəyyən mənada İsrailin cinayətlərinin kölgəsində dayanmaq kimi yozula bilər və bu ölkələrin rəhbərlərinin imicini daxildə və xaricdə zəiflədə bilər. Afrikanın ümumi dalğasından geri qalmaq, bu qitənin və dünyanın gözündə həmin ölkələrin tarixi nüfuzuna kölgə sala bilər. Çünki bu qitə özü müstəmləkə və işğal təcrübəsindən keçib və oxşar bir sınaqda işğalçının yanında dayanmaq istəmir.
4305056