“Əl-Cəzirə”nin xəbərinə görə, Madrid şəhərində minlərlə ispaniyalının təzyiqi altında Vuelta velosiped yarışının təşkilatçıları yarışı ləğv etməyə məcbur qalıblar.
Yarışın cənub Madriddəki Atocha stansiyasından başlanmasına üç saat qalmış, minlərlə ispaniyalı marşrut boyunca toplaşaraq Fələstin bayraqlarını qaldırıb və plakatlar tutaraq Qəzzadakı soyqırımın dayandırılmasını tələb ediblər.
İştirakçıların bildirdiyinə görə, İsrail komandasının iştirakına etiraz məqsədilə keçirilən bu görünməmiş aksiya, İspaniyanın bir çox şəhərlərində Qəzza müharibəsinin dayandırılması və Madrid ilə Təl-Əviv arasında bütün siyasi və iqtisadi əlaqələrin kəsilməsi barədə hökumətin son qərarının icrası üçün keçirilən genişmiqyaslı nümayişlərlə eyni zamana təsadüf edib.
Vuelta dünyada üç böyük velosiped yarışından biridir – Giro d’Italia və Tour de France ilə yanaşı. Bu yarış idman tədbirlərinin təşkili üzrə ixtisaslaşan İspaniyanın Unipublic şirkəti tərəfindən keçirilir. Yarışın ilk mərhələsi 1935-ci ildə təşkil olunub.
Bu ilki yarış 26 avqustda İspaniyanın Taragona şəhərindən başlayıb və Kastelyonda başa çatıb. İlk etirazlar da məhz orada İsrail komandasının iştirakına qarşı olub. Etirazçılar “Soyqırımla idman olmaz” kimi şüarlar səsləndiriblər.
Yarışın hər yeni mərhələsi keçirilən şəhərlərdə etirazçılar marşrut boyu toplaşaraq Fələstin bayraqları, etiraz plakatları və Qəzzada həlak olmuş uşaqların maketlərini daşıyıblar.
Bəzi mərhələlərdə ciddi gərginlik yaşanıb. Belə ki, etirazçılar yarış yolunu bağlamağa çalışıblar. İspaniyanın şimalındakı Bilbao şəhərində təşkilatçılar yarışı nəzərdə tutulmuş finişdən 3 km əvvəl dayandırmağa məcbur olublar.
Sosial şəbəkə istifadəçiləri İsrail komandasının iştirakına qarşı keçirilən etirazların görüntülərini geniş paylaşaraq, komandanın üzvlərinin birbaşa hədəf alınmaq qorxusu ilə bütün kimlik nişanlarını çıxarmağa məcbur olduğunu bildiriblər.
Yarışın sonuncu mərhələsinin bazar günü Madriddə keçirilməsi nəzərdə tutulmuşdu. Lakin son günlər İsrailin iştirakına qarşı xalqın kütləvi dəstəyi və Madrid küçələrinə çıxan insanların çoxluğu diqqətçəkən olub. Bunun ən bariz nümunələrindən biri bazarlarda satılan Fələstin bayraqlarının haradan əldə edilə biləcəyi barədə insanların dəfələrlə sual verməsi idi.
İspaniya rəsmiləri də final mərhələsindən əvvəl toplaşan izdihamı görərək minlərlə polis əməkdaşını marşrut boyu təhlükəsizlik üçün yerləşdiriblər. Şəhər mərkəzi polis və baryerlərlə dolu idi, təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılmışdı.
Küçələrə axışan kütlə Fələstinin azadlığı üçün şüarlar səsləndirib və hər aksiyada bir şüarı təkrar edib: “Bu müharibə deyil, soyqırımdır.” Onlar həmçinin Qəzzadakı hərbi cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən təqib olunan İsrailin baş naziri Benyamin Netanyahunun əleyhinə “Netanyahu qatildir” şüarını səsləndiriblər.
4305074