IQNA

Doha görüşünün yekun bəyanatında sionist rejimin qınanması

8:09 - September 16, 2025
Xəbər sayı: 3498873
İQNA - Doha görüşünün yekun bəyanatında sionist rejimin Qətərə təcavüzü sərt şəkildə pislənib və sülh səylərinə dəstək vurğulanıb.

“İQNA”-nın “əl-Cəzirə”yə istinadla verdiyi xəbərə görə, Doha görüşünün sonunda ərəb-İslam ölkələrinin liderləri sionist rejimin Qətər torpaqlarına son hücumunu sərt şəkildə qınayaraq, onu “qorxaq və qanunsuz təcavüz” adlandırıblar və bu hadisəni regional sülh və sabitlik üçün ciddi təhdid kimi qiymətləndiriblər.

Ərəb və İslam ölkələrinin liderləri bəyanatda bildiriblər: “Qəzza böhranında vasitəçilik rolunu oynayan neytral bir məkanın hədəf alınması təkcə beynəlxalq qanunların açıq şəkildə pozulması deyil, həm də qlobal sülhün həyata keçirilməsi istiqamətindəki səylərə ciddi maneədir”.

Onlar Qətərlə “tam həmrəylik” elan edərək, İsrailin təcavüzünə cavab vermək üçün bu ölkənin atacağı hər bir addımı tam dəstəklədiklərini bəyan edib, eyni zamanda Qətərin bu gözlənilməz hücuma qarşı “mədəni və müdrik mövqeyini” yüksək qiymətləndiriblər.

Bəyanatda həmçinin Qətər, Misir və ABŞ-ın sionist rejimin Qəzzaya qarşı təcavüzünün dayandırılması istiqamətində vasitəçilik səylərinə dəstək vurğulanıb və Dohanın regional təhlükəsizliyin möhkəmləndirilməsindəki konstruktiv rolu alqışlanıb.

Yekun bəyanatda İsrailin təcavüzünü əsaslandırmaq cəhdləri rədd edilib, bu rejimin Qətərə qarşı mümkün yeni hücumlarla bağlı təkrarlanan təhdidləri qınanıb.

İştirakçılar xəbərdarlıq ediblər ki, bu hücumların əsas məqsədi vasitəçilik rolunu zəiflətmək və Qəzzaya qarşı təcavüzün dayandırılmasının qarşısını almaqdır. Həmçinin İsrailin bölgədə yeni reallıqlar yaratmaq və ərəb-İslam ölkələrinin birgə təhlükəsizliyini hədələmək planları ilə mübarizənin vacibliyi vurğulanıb.

Bəyanatda, sionist rejimin Qəzzada misilsiz humanitar fəlakətə səbəb olan siyasətləri pislənib, fələstinlilərin köçürülməsi istiqamətindəki istənilən cəhd qəbuledilməz sayılıb. Eyni zamanda, İsrailin işğal olunmuş ərazilərin bəzi hissələrini ilhaq etmək planlarının təhlükəli nəticələri barədə xəbərdarlıq edilib və beynəlxalq ictimaiyyətin İsrailin təkrar-təkrar təcavüzlərinin dayandırılması üçün təcili tədbir görməsi tələb olunub.

Toplantıda iştirak edən liderlər İsrailin cəzasız qalmasının sona çatdırılması istiqamətindəki səyləri dəstəkləyərək, bu rejimin BMT üzvlüyünün dayandırılması üçün koordinasiyanın zəruriliyini vurğulayıblar. Həmçinin BMT Baş Assambleyasında “Nyu-York Bəyannaməsi”nin qəbulunu alqışlayaraq, iki dövlətli həll yoluna dəstəklərini bildiriblər və sionist rejimin islamofobiyadan sui-istifadə edərək insan haqlarının pozulmasını əsaslandırmaq cəhdlərinə etiraz ediblər.

4305243

captcha