“Əl-Cəzirə”nin xəbərinə görə, bir qrup hindu ekstremisti 18 yaşlı müsəlman gəncə hücum edib və onu Hindistanın cənubundakı Andra Pradeş ştatının Adoni şəhərində hindu bütləri qarşısında səcdə etməyə və hindu dini şüarı səsləndirməyə məcbur ediblər.
Sosial şəbəkələrdə yayılan hadisə ilə bağlı video-görüntüyə əsasən, yalnız “Asif” adı ilə təqdim olunan (sonradan öz əsl adını Məhəmməd Kaif kimi açıqlayan) bu gənc hindu dini nişanını alnına çəkməyə və hindu ayinlərini icra etməyə məcbur edilib. Video Hindistan müsəlmanlarının geniş narazılığına səbəb olub və yerli polis hərəkətə keçib.
Polisin açıqlamasına görə, hadisə 24 sentyabrda baş verib. Altı şübhəli müəyyən edilib, onlardan üçü müxtəlif qruplar arasında düşmənçiliyi qızışdırmaq və qanunsuz həbs ittihamı ilə saxlanılıb.
Bəyanatda qeyd olunub ki, hadisə Kaif evdə telefonla məşğul olduğu vaxt baş verib. O, Uttar Pradeşin baş naziri Yoqi Adityanatın istehza ilə çəkilmiş bir şəklini İnstagram-da görüb və başqa bir qrupa göndərib. Həmin qrup üzvləri onu telefonla təhdid ediblər.
Polisin açıqlamasında əlavə olunub: Bəzi şəxslər onun iş yerinə gəlib, onu Karvanpet bölgəsindəki Durqa bütü yanına aparıblar və bütə toxunmağa məcbur ediblər. O, imtina etdikdə isə hücuma məruz qalıb. Hücumçular hadisəni videoqeyd edərək sosial şəbəkələrdə paylaşmaq, dini nifrəti qızışdırmaq və iğtişaş yaratmaq məqsədi güdüblər.
Müsəlmanların yerli liderlərindən və Müsəlmanların Birləşmiş Məclisi Partiyasının sədri Məhəmməd Cüneyd təsdiqləyib ki, hakim Hindu millətçi Bharatiya Janata Partiyasının (BJP) üzvlərinin təzyiqi ilə Kaifə qarşı da Adityanatın şəklini paylaşdığına görə cinayət işi açılıb.
O əlavə edib: “Əvvəllər, yerli parlament nümayəndələri regional partiyalardan olduğu vaxt belə hadisələr baş vermirdi. Bharatiya Janata Partiyasının nümayəndəsi şəhərdə mandat qazandığı vaxtdan bu cür əməllər başlayıb.”
Hadisəyə etiraz edən çoxsaylı müsəlman sakinlər polis idarəsinin qarşısında etiraz aksiyası keçiriblər və polisin sərt tədbirlər görəcəyinə əmin olduqlarını bildiriblər. Polis həmçinin etirazçılara qalan şübhəliləri həbs edəcəklərinə dair zəmanət verib.
4307628