IQNA

Fələstinli qız ağır yaralara baxmayaraq xəstəxanada bütün Quranı əzbərlədi

6:12 - October 04, 2025
Xəbər sayı: 3498973
İQNA - Ağır yaralı fələstinli qız xəstəxanada müalicə olunduğu halda Qurani-Kərimi tam əzbərləməyi bacardı.

“Əl-Cəzirə”nin məlumatına görə, Xan Yunusda baş verən genişmiqyaslı bombardman və dağıntılara rəğmən fələstinli qız Rim Əbu Oudə xəstəxana yatağında, ağır yaralı olmasına baxmayaraq, bütün Quranı əzbərlədi.

Rim Əl-Cəzirəyə açıqlamasında bildirib ki, onun Quran əzbərləmə yolu həm gözəl, həm də çətin olub. O, Quranı şəhid olmuş anasının ruhuna ithaf etmək üçün əzbərlədiyini, ağır yaralarının isə onu çox yorğun saldığını söyləyib.

O əlavə edib: “Quran əzbərimi anamın vəfat etdiyi gün – ötən ilin 24 avqustunda bitirməyi planlaşdırırdım, lakin 22 avqustda yaralandım. Buna görə də əzbəri sonradan tamamladım. Allaha şükürlər olsun ki, Quranı əzbərlədim.”

O, necə yaralandığını da danışıb: “İşğalçıların təhlükəsiz elan etdiyi ərazilərə sığındıq, amma onların yanında olan çadır bombalandı və partlayış nəticəsində yaralandım. Qəlpə parçası mədəmə zədə vurdu. Müalicəm təxminən bir ay davam etdi.”

Bacısı Safa Əbu Oudə bildirib ki, Rim Quran əzbərini xəstəxana yatağında tamamlayıb: “Rim yataqda uzanmış halda Quran oxuyurdu və həkimlər onun dözüm və iradəsinə təəccüblənirdilər.”

Rim əsas dəstəkçisi və həyatının hər şeyi adlandırdığı bacısına təşəkkür edib. O, bu ay keçiriləcək orta məktəb imtahanlarına hazırlaşır və vurğulayır ki, bu amansız müharibə boyu onun dözümlülüyünə əsas motivasiya Qurandır.

O, Qurani-Kərimi əzbərləməkdə göstərdiyi səbr və iradəyə görə Qəzzadakı “Həbib Məhəmməd Mərkəzi” tərəfindən təltif olunub.

4308427

Teqlər: fələstin ، quran ، hafiz ، xəstəxana
captcha