IQNA

“Qurani-Kərim aləmi” sərgisi Mərjani məscidində ziyarətçiləri qəbul edir

10:00 - October 05, 2025
Xəbər sayı: 3498980
İQNA - Rusiya və Qətərin birgə interaktiv sərgisi olan “Qurani-Kərim aləmi” sərgisi Tatarıstanın paytaxtı Kazandakı tarixi Mərjani məscidində Rusiya və Qətərin tanınmış dini və mədəni xadimlərinin geniş iştirakı ilə açılıb.

“Muslimun həvləl-aləm” saytının verdiyi xəbərə görə, sərginin açılış mərasimi oktyabrın 3-də tarixi Mərjani məscidində keçirilib. Tədbirdə Tatarıstan Respublikasının müftisi Şeyx Kamil Samigullin, Rusiya Müsəlmanları Dini İdarəsinin sədr müavini Ruşan Abbasov, Qətər hökumətinin Vəqflər və İslam İşləri Nazirliyinin nümayəndələri, Tatarıstan və Kazanın yerli dövlət rəsmiləri, Ümumdünya Tatarlar Konqresinin nümayəndələri, həmçinin Rusiyanın müxtəlif dini və mədəni təşkilatlarının nümayəndələri iştirak ediblər.

Sərgi 6 oktyabra qədər davam edəcək. Tədbir Tatarıstan Respublikası Müsəlmanları Dini İdarəsinin təşkilati dəstəyi, Rusiya Müsəlmanları Dini İdarəsi və Qətər hökumətinin Vəqflər və İslam İşləri Nazirliyinin əməkdaşlığı ilə keçirilir.

Bu tədbir 2024-cü ildə Moskvada böyük uğur qazanmış əvvəlki mərhələdən sonra təşkil olunub. Bu il sərgi səyyar formatda təqdim edilərək Rusiya şəhərləri — Moskva, Saratov və Saranskda nümayiş etdirilib və Kazan onun son dayanacağı olub.

Sərgi tarixi, dini və müasir texnologiyanı birləşdirən əhatəli maarifləndirici layihədir. Burada Qurani-Kərimin ilk vəhydən başlayaraq müasir çap və rəqəmsal nüsxələrədək nazil olması və qorunması tarixi nümayiş etdirilir. Eyni zamanda Qurani-Kərimin yazı və hifz ənənələri, onun Rusiyada və dünyada çap tarixi, həmçinin bəşəriyyətə ünvanlanmış ümumbəşəri mesajı da təqdim olunur.

Ziyarətçilərə geniş interaktiv təcrübələr təqdim edilir. Ən mühüm bölmələr bunlardır:

Peyğəmbər (s) dövründə Məkkə və Mədinənin virtual gəzintisi,

Ərəb xəttatıqlığı üzrə emalatxanalar,

Ərəb əlifbasının ilkin dərsləri,

Fatihə surəsinin dinlənilməsi və tilavəti,

Uşaqlar üçün tədris və əyləncəni birləşdirən “Uşaq aləmi” stendi.

Bundan əlavə, rus və qətərli rejissorların İslam mədəniyyəti və mənəvi dəyərləri barədə çəkdikləri sənədli və bədii filmlər nümayiş olunur. Onların bir qismi Kazan “Altın Minbər” Beynəlxalq Film Festivalında da təqdim olunub.

Bu sərgi təkcə Qurani-Kərim və İslam aləminə açılan bir pəncərə deyil, həm də xalqı birləşdirən mədəni və insani körpüdür. O, sülh, mərhəmət və insanlığa hörmət kimi dəyərləri əks etdirir və eyni zamanda mənəvi diplomatiyanın nümunəsi kimi Rusiya ilə Qətəri mədəni və sivilizasiyalı əməkdaşlıq çərçivəsində bir araya gətirir.

Açılış mərasimi 3 oktyabr tarixində saat 16:00-da Mərjani məscidində keçirilib.

Sərgi isə 4–6 oktyabr tarixlərində hər gün səhər saat 10:00-dan axşam 18:00-dək ziyarətçilərin üzünə açıq olacaq.

4308723

Teqlər: rusiya ، quran ، sərgi ، məscid ، qətər
captcha