“Anadolu” Agentliyinin məlumatına görə, Məhəmməd Muizzu İsrailə qarşı ölkəsinin qəti mövqeyini bir daha xatırladaraq deyib: “Həqiqi suverenlik bir ölkənin böyüklüyü və ya hərbi gücü ilə deyil, təzyiq altında belə vicdanına sadiq qalmaq iradəsi ilə ölçülür.”
O, bu ilin aprel ayında İsrail pasportu olan şəxslərin Maldivə girişini qadağan edib və İsrailin beynəlxalq sularda humanitar yardım gəmilərinə etdiyi hücumları beynəlxalq hüquqa təhqir adlandırıb.
Muizzu Anadolu agentliyinə 2023-cü il oktyabrın 8-dən bəri Qəzzədə fələstinlilərə qarşı soyqırım və beynəlxalq ictimaiyyətin İsrail qarşısında acizliyi barədə yazılı cavabında bildirib:
“Beynəlxalq hüququn mənası olmalıdırsa, o, bütün ölkələr üçün bərabər şəkildə tətbiq edilməlidir. Qlobal ictimaiyyət təkcə qınama bəyanatları ilə kifayətlənməməli, beynəlxalq qanunun tərəfsiz şəkildə icrasını təmin etməlidir. İsrailə siyasi təzyiq, sanksiya və məhdudiyyətlər yolu ilə cavabdehlik yüklənməli və belə cinayətlərin dözülməz olduğunu anlamalıdır.”
Prezident vurğulayıb: “Həqiqi hakimiyyət nə ölkənin böyüklüyü, nə də hərbi qüdrəti ilə, əksinə, təzyiq qarşısında belə vicdan üzərində durmaq bacarığı ilə ölçülür. Kiçik ölkələr böyük güclərin maraqlarından asılı olmadıqları üçün mənəvi cəsarətlə danışa bilirlər.”
Muizzu Maldivin Fələstinlə həmrəyliyin qədim ənənəsini yada salaraq deyib: “İsrail pasportu daşıyan şəxslərin Maldivə girişini qadağan etdik. İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində açılan işə qoşulduq. 1967-ci il sərhədlərinə əsasən, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını tələb etməyə davam edirik və Fələstinin BMT-də tam üzvlüyünü dəstəkləyəcəyik. Beynəlxalq tribunalarda fəal iştirak etməklə Fələstin idealının unudulmaması və ədalətin bərpası üçün çalışırıq. Fələstin azad olunmayınca, bizim missiyamız başa çatmayacaq.”
O, BMT və beynəlxalq məhkəmələr kimi qurumların gücsüzlüyünə toxunaraq deyib: “Bu qurumlar təbiətcə zəif deyil, sadəcə, böyük dövlətlər onların öz vəzifələrini yerinə yetirməsinə imkan vermir. Bəzi ölkələr ticarət və ya təhlükəsizlik maraqları səbəbindən bu strukturlarda özlərini məhdud hiss edirlər, lakin əsl liderlik məhz belə anlarda ortaya çıxır.”
Muizzu əlavə edib: “Maldiv kimi kiçik bir ölkənin İsrailə qarşı qərarları sadəcə rəmzi deyil, prinsiplərin ifadəsidir. Tək qalsaq belə, mövqeyimizi dəyişməyəcəyik. Əgər daha çox ölkə bu cür mövqe tutsa, onun kollektiv təsiri görməməzlikdən gələ bilməz.”
Prezident daha sonra bildirib: “Heç bir iqtisadi mənfəət və ya strateji hesab, soyqırım qarşısında susmağı haqq qazandıra bilməz. Əgər maddi qazanc və ya siyasi maraq günahsız insanların – kişilərin, qadınların və uşaqların həyatından üstün tutulursa, deməli, biz dünya cəmiyyəti olaraq mənəvi istiqamətimizi itirmişik.”
Muizzu xəbərdarlıq edib: “Ədaləti mənfəətə dəyişənlər zalımın yanında yer alacaq. Həqiqi suverenlik təzyiq altında belə vicdana sadiq qalmaqla mənasını tapır.”
O əlavə edib: “Maldiv üçün suverenlik, vicdan əsasında azad qərar vermək deməkdir. Hətta ən kiçik xalqlar belə ədaləti seçməklə bəşəriyyət qarşısında məsuliyyətlərini xatırlada bilərlər.”
Maldiv Fələstin xalqının yanında qalacaq
Muizzu bildirib: “İsrail pasportu olan şəxslərin ölkəyə girişini qadağan etmək qərarı asan deyildi, lakin bu qərar siyasətimizi ədalətlə uzlaşdırmaq iradəmizi göstərdi. Bu qərarın təsiri dərhal nəticələrdə deyil, onun verdiyi ilham və liderlikdə ölçüləcək.”
O, Fələstinin Maldiv xalqının qəlbində xüsusi yerə sahib olduğunu xatırladaraq deyib: “2023-cü ilin oktyabrından çox əvvəl də biz fələstinlilərin dövlət qurmaq və öz müqəddəratını təyin etmək hüququnu dəstəkləmişik.”
Prezident əlavə edib: “İsrail hələ də öz cinayətlərinə görə cavab verməyib, çünki bir çox dövlətlər mənəvi aydınlıq yerinə siyasi maraqlarını üstün tuturlar. Ədaləti həyata keçirmək mexanizmləri mövcuddur, lakin böyük dövlətlər İsraili sanksiyalardan qoruduğu üçün bu mexanizmlər zəifləyir və ədalət təxirə salınır. Hətta məcburi qərarlar qəbul edildikdə belə, onları icra etmək üçün birgə iradə olmayanda həmin qərarlar təsirsiz qalır. Amma Maldiv ədalət və azadlıq bərqərar olana qədər bütün beynəlxalq tribunalarda Fələstinin səsini ucaldacaq və Fələstin xalqının yanında qalacaq.”
4309865