“İQNA”-nın “Əlcəzirə”yə istinadla verdiyi xəbərə görə, Qəzza zolağının qərbində, Qəzza şəhərinin şimal hissəsində yerləşən “Şati” qaçqın düşərgəsindəki “Tövhid” məscidi aylarla davam edən İsrailin dağıdıcı bombardmanına görə bağlı qaldıqdan sonra, təsirli bir mənzərə ilə yenidən qapılarını möminlərə açıb. Bu hadisə Qəzza sakinlərinin qəlblərinə ümid və həyat bəxş edib.
Bu məscid Qəzzanın qərb hissəsində dözüm və müqavimətin rəmzi sayılır. İşğalçı qüvvələr tərəfindən hədəf alınmayan yeganə məscid kimi o, hələ də mövcuddur və bu bölgə insanlarının iztirab və səbrinə şahidlik edib.
Əlcəzirə müxbiri yazıb: “Bu gün bu məsciddə yenidən azan səsi eşidildi və bu səs həyatın bu məkana qayıdışının müjdəsini verdi.”
Kanalın kamerası bir fələstinlinin məscidə daxil olduğu və onun Allaha şükür nişanəsi olaraq səcdə etdiyi anı lentə alıb.
O, deyib: “Mən dəfələrlə evsiz qalmışam və bu məscid mənim evim kimi idi.”
Bu fələstinli əlavə edib ki, Qəzza zolağındakı hər şeyi hədəfə alan amansız müharibəyə baxmayaraq, bu məscidin salamat qalmasına inanmaq çətindir.
Məsciddə ibadət edən başqa bir şəxs oraya yenidən qayıtma hissini “ruhun bədənə qayıtması”na bənzədib və deyib: “Allah bu məscidin açılmasına imkan verdi ki, Qəzza xalqının çəkdiyi iki illik əzab bir qədər azalsın.”
Məscidin müəzzini də bildirib ki, Allah bu məscidi qorumaqla düşərgə sakinlərinə lütf edib. O, Qəzza xalqı üçün aramlıq və təhlükəsizlik diləyib.
Həmin fələstinli daha sonra qeyd edib: “Məscid baxmayaraq ki, ayaqdadır, lakin İsrailin bombardmanı nəticəsində ciddi zərər görüb. Düşərgə sakinlərinin səyləri və atəşkəsin əldə olunmasından sonra biz məscidi təmizləyə bildik ki, insanlar burada dini və ibadi mərasimlərini yerinə yetirsinlər.”
Qeyd edək ki, Fələstin müqaviməti ilə İsrail işğalçı qüvvələri arasında atəşkəs razılaşması keçən cümə günü (oktyabrın 10-da) saat 12:00-da qüvvəyə minib. Atəşkəsin başlanması ilə minlərlə qaçqın Rəşid və Salahəddin yolları vasitəsilə Qəzza şəhərinə və Qəzza zolağının şimalına qayıtmağa başlayıb.
4310709