“Əl-Qahirə əl-Əxbariyyə”nin verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman “Kral Salman qapısı” adlı nəhəng genişləndirmə layihəsini açıb. Layihəni icra edən “Rüyəl-Hərəm əl-Məkki” şirkətinin bildirdiyinə əsasən, bu layihə Məscidül-Həramın dəhliz və xarici həyətlərində 900 min əlavə ibadətçini qəbul etməsinə imkan verəcək.
Layihə Məscidül-Həramın yaxınlığında yerləşən 12 milyon kvadratmetr ərazini əhatə edən böyük tikinti zonasını əhatə edir və Məkkəni çoxfunksiyalı qlobal mərkəzə çevirmək, eyni zamanda ziyarətçilərin Məscidül-Hərama girişini asanlaşdırmaq məqsədilə hazırlanmış ümumi planın bir hissəsidir.
Layihənin ümumi dəyəri və tamamlanma tarixi hələlik açıqlanmayıb.
Bu layihə Səudiyyə Ərəbistanının “2030 Görüşü” çərçivəsində mühüm yer tutur. Bu proqramın məqsədi ölkə iqtisadiyyatını müxtəlifləşdirmək, neftdən asılılığı azaltmaq və dini turizm, infrastruktur kimi mühüm sahələri inkişaf etdirməkdir.
Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər hər il 30 milyon zəvvar və ümrə ziyarətçisini qəbul etməyi planlaşdırır. Statistikaya görə, krallıq yalnız 2019-cu ildə Həcc və Ümrədən təxminən 12 milyard dollar gəlir əldə edib.
Eyni zamanda, Səudiyyə Ərəbistanı Kapital Bazarları Təşkilatı Məkkə və Mədinədəki müqəddəs məkanlarda daşınmaz əmlaka sahib şirkətlərə xarici investisiyanın icazə verildiyini açıqlayıb. Bu da investisiya və iqtisadi cəlbediciliyin artırılması istiqamətində strateji bir addım hesab olunur.
4311042