IQNA

Ohayo ştatında Quran tədrisi və əzbərlənməsi üçün məktəb

10:01 - October 19, 2025
Xəbər sayı: 3499057
İQNA - Ohayonun Meyson bölgəsində yaşayan bir müsəlman ailəsi Quran tədrisi və ümumi fənlərin öyrədilməsi üçün xüsusi bir məktəb təsis edərək, imanı müasir təhsil ilə birləşdirən bir nümunə yaradıb.

“WCPO” xəbər kanalının məlumatına görə, bu məktəb “Anila Zindani” və oğlu “Adam Zindani”nin təşəbbüsü ilə Ohayonun Meyson şəhərinin Lourens bölgəsində fəaliyyətə başlayıb. Məktəbdə təkcə Quran oxumaq deyil, onu əzbərləmək də öyrədilir.

Adam Zindani məktəbin fəaliyyəti barədə deyib:

“Quranı əzbərləmək asandır, amma ən çətin hissə onu yadda saxlamaqdır. Mən bu iş üçün azı üç il vaxt sərf etmişəm. Allaha and olsun, bu məktəb mənim üçün bütün dünyanın mənasındadır — doğrudan da çox özəldir.”

Anila isə məktəbin yaranma ideyası haqqında danışaraq deyib: “Oğluma Quran öyrətmək üçün bir mərkəz axtarırdım, amma üç ştatı əhatə edən (Tri-State) bölgədə belə bir müəssisə tapmadım. İlk addımları Meyson şəhərinin mərkəzində yerləşən kiçik bir konteynerdə atdım və dərslərə orada başladım.”

O əlavə edib: “Bu gün məktəb riyaziyyat və ictimai elmlərlə yanaşı Quran təlimini də proqramına daxil edib. Şagirdlər riyaziyyat dərsindən sonra sinifdə qalaraq Quran ayələrini oxuyurlar.”

Anila vurğulayıb: “Bu mənim böyük bir arzum idi və indi bu şagirdləri və müəllimləri gördükcə hiss edirəm ki, arzum gerçək olub.”

Meyson Böyük Məscidinin imamı “Yəhya Hənəsbəy” də Quran əzbərlənməsi barədə deyib: “Bəzi insanlar Quranı tam əzbərləmək üçün on illərlə çalışırlar.”

O, məktəbdə Quran tədris etməklə yanaşı, Varren bölgəsinin həbsxanalarına da gedir və oradakı məhbuslar üçün mənəvi proqramlar təşkil edir.

Məktəb rəhbərliyinin sözlərinə görə, hazırda tədris məkanını genişləndirirlər və məktəbin yanında 12 milyon dollarlıq yeni bir məscidin inşasına başlayıblar. Yeni məsciddə daha böyük ibadət zalı və Quran tədrisi üçün yeni sinif otaqları olacaq.

4311445

captcha