“İQNA”-nın xəbərinə görə, “Babus-Səlam” məscidi 2023-cü ilin əvvəlində “əl-Cisr” xeyriyyə fondu tərəfindən istifadəyə verilib.
Bu məkan, Oman mədəniyyətini sadəliyində təcəssüm etdirir və sadə, lakin düşünülmüş dizaynı ilə paytaxt Məsqət şəhərinin yaşayış məhəlləsində tarixi bir abidə kimi diqqət çəkir.
Məscidin dizaynında təbii elementlərdən istifadə olunub; küləyin və günəş işığının hərəkəti öyrənilərək elektrik enerjisinə olan tələbatın azaldılması məqsədi ilə ekoloji baxımdan uyğun bir layihə hazırlanıb. “Babus-Səlam” məscidi bu özəl memarlığına görə 2024-cü ildə dünyanın ən gözəl ibadət məkanları siyahısına daxil edilib.
Ziyarətçilərlə təbiət arasındakı əlaqənin qorunması da bu məscidin memarlığında əsas prinsiplərdən biridir. Günəş işığının məscidə daxil olmasına imkan verən işıq yarıqları (açılışlar) əlavə olunaraq, bu fikir gerçəkləşdirilib.
Beləliklə, “Babus-Səlam” məscidi təbii işıqla dolu minimalist bir möcüzə kimi təsvir olunur — Məsqət vilayətində yerləşən və memarlıq baxımından bir şah əsər sayılan görməli bir məkandır.
Beş həndəsi həcmdən ibarət olan bu məscidin konus formalı bir minarəsi var. Məscidin yumşaq çəhrayı-qızılı rəngi Oman yaxınlığındakı dağların rəngindən ilhamlanıb. O, eyni zamanda müasir görkəmdə dizayn edilib ki, bu da onu yerli bir simvola çevrilməyə kömək edir.
Məscidin dizaynındakı diqqətəlayiq xüsusiyyət, ibadət edən şəxsin təcrübəsinə yönəlmiş olmasıdır. Bu təcrübə binanın uzaqdan görünən minarəsini seyr etməklə başlayır, daha sonra məscid tikililərini özündə birləşdirən bağ və fəvvarələr vasitəsilə davam edir. Bu tədrici keçid insanları şəhərin səs-küyündən uzaqlaşdıraraq, əsas namaz zalında mənəvi və ruhi sakitlik tapmağa yönəldir.
Məscidin hər bir ideyası məqsədli şəkildə düşünülüb; məsələn, imamın səsini az miqdarda səsgücləndirici istifadə etməklə və enerji sərfini azaltmaq üçün namaz sahəsi dairəvi formada tikilib ki, səs təbii şəkildə güclənsin.
Məscidin daxili günbəzi isə 1600-dən çox büllur işıq və əsas namaz zalında yerləşən böyük bir çilçıraqla bəzədilib.
4306152