IQNA

Qurani-Kərimdə Əməkdaşlıq / 5

Malın cəmiyyətə aid olması – Əməkdaşlığın Quran əsasları

23:40 - October 27, 2025
Xəbər sayı: 3499104
İQNA - İslam dünyagörüşündə bütün insanlar Allahın bəndələridir və bütün sərvətlər də Ona məxsusdur. Buna görə də aciz və ehtiyac sahiblərinin tələbatları təavün (yardımlaşma) əsasında təmin olunmalıdır.

Şübhəsiz ki, hər bir cəmiyyətdə elə insanlar mövcuddur ki, ya işləmək gücü və bacarığı yoxdur, ya da gəlirləri onların bütün xərclərini qarşılamaq üçün kifayət etmir. Bu insanların ehtiyacları mümkün olan həddə və qəbul edilən ölçüdə təmin olunmalıdır. İslam baxımından mal-dövlət əslində cəmiyyətə məxsusdur; çünki Allah yer üzündə canişinlik və mal üzərində vəkillik səlahiyyətini insanlara vermişdir. Qurani-Kərim insanın bu canişinlik və vəkillik mülkiyyətinə işarə edərək, onu infaq etməyə (ehtiyac sahiblərinə verməyə) dəvət edir.

Məsələn, bir ayədə buyurur: “Allah və Onun peyğəmbərinə iman gətirin və sizi (Özünün və keçmişlərin) canişini etdiyi şeydən (mallardan Allah yolunda) xərcləyin” (Hədid, 7).

Başqa bir ayədə isə belə buyurulur: “Onlara Allahın sizə verdiyi malından verin”! (Nur, 33).

Qurani-Kərim təqva sahiblərini – Allahın həqiqi xəlifələrini – belə tanıdır:

“Onların mallarında məhrum olan (ehtiyaclı) üçün haqq vardır” (Zariyat, 19).

Bu da cəmiyyətdə qarşılıqlı yardım və bir-birinə dəstəyin zəruriliyini açıq şəkildə göstərir.

Beləliklə, varlı insanlar Allahın mal üzərindəki vəkilləri və əmanət sahibləridirlər. Mal onların əlində bir əmanətdir və onlar bu vəkillik və əmanətdarlığa uyğun şəkildə davranmalıdırlar.

İmam Sadiq (ə) buyurur: “Məgər elə güman edirsən ki, Allah var-dövləti kiməsə onu əziz bildiyi üçün vermiş və kimə verməmişsə onu xor bildiyi üçün verməmişdir? Qətiyyən belə deyil! Mal Allahın malıdır; onu insanlara əmanət olaraq verir. Onlara icazə vermişdir ki, ondan yesinlər, içsinlər, geyinsinlər, evlənsinlər, minik vasitəsi istifadə etsinlər, mömin və yoxsulları ziyarət etsinlər, onlara kömək etsinlər və onların sıxıntılarını aradan qaldırsınlar”.

Deməli, mal və sərvətlər əslində cəmiyyətə məxsusdur. Hər bir insan bu mallardan istifadə etdiyi zaman əgər əmanətə riayət etsə və yoxsulların haqqını nəzərə alsa, istifadə haqqına malikdir. Əks halda, bu haqqı yoxdur.

3495055

captcha