IQNA

Fələstinli qız Qurani-Kərimi əzbərləməklə xərçəngə qarşı mübarizə apardı

15:01 - November 05, 2025
Xəbər sayı: 3499156
İQNA - Qüdsün şimal-qərbində yerləşən Bit Duqqu şəhərindən olan Şuruq Mərar adlı qızın hekayəsi iradə və imanla doludur. Çünki illərdir bədənini saran xərçəng xəstəliyinə baxmayaraq, o, bütün Qurani-Kərimi əzbərləməyi başa çatdırıb.

“Əl-Cəzirə”nin məlumatına görə, Şuruqun Quranla yolçuluğu iki il əvvəl – İsrailin Qəzza zolağına qarşı müharibəyə başlaması ilə eyni vaxtda – Qəzzadakı Quran hafizlərindən aldığı ilhamla, bütün çətinliklərə baxmayaraq, başlanıb.

Şuruq deyib: “Qəzza xalqını gördüm ki, ağrı və iztirab içində olsalar da, Qurani-Kərimi əzbərləyirlər. O zaman öz-özümə dedim: əgər onlar bunu bacarırsa, mən də bacararam.”

O, uzunmüddətli xərçəng müalicəsi prosesi ərzində Qurani-Kərimi özündən ayırmamağa qərar verib. Qüdsdəki “əl-Mutlə” xəstəxanasının dəhlizlərində kimyaterapiya və radioterapiya seanslarını gözləyərkən ayələri əzbərləyib, oxuyub və təkrar edib.

Üç uşaq anası olan Şuruq xərçəngə təslim olmayıb. Xəstəlik onu məqsədindən döndərməyib, əksinə, xəstəliyin ağrısı onun Qurana bağlı yeni yolunu davam etdirməsinə bir motivasiya olub.

O deyib: “Heç nə Quran kimi qəlbə rahatlıq bəxş etmir və heç bir dərman onun ayələri qədər ruhu sağaltmır. Mən bütün çətin vəziyyətlərdə olanlara tövsiyə edirəm ki, Qurani-Kərimi özlərinin dərmanı və daimi yoldaşı bilsinlər.”

Şuruqun anası İkram Davud, qızının Qurani-Kərimi tam əzbərlədiyini öyrənəndə göz yaşlarını saxlaya bilməyib. O deyib: “Şuruq mənə Qurani-Kərimi tam əzbərlədiyini deyəndə sevincdən ağladım. Bu, həyatımda aldığım ən gözəl hədiyyədir. Mən hər zaman onu, bütün çətinliklərə baxmayaraq, ruhlandırırdım. Allaha şükür ki, Ona kömək və hidayət verdi.”

4314943

captcha