IQNA

Meksikalı müsəlman qadınların hicabı qorumaq üçün hüquqi mübarizəsi

11:17 - November 16, 2025
Xəbər sayı: 3499222
İQNA - Meksikalı müsəlman qadınlar pasport şəkillərində hicablı olmaq üçün hüquqi mübarizəyə başlayıblar və bu məqsədlə bir hərəkat da yaradılıb.

“İQNA”-nın “ilkha.com”-a istinadən xəbərinə görə, Meksikada bir qrup müsəlman qadın hökumətin pasport şəkillərində hicabı qadağan edən qərarına qarşı hüquqi mübarizə başladaraq bildiriblər ki, bu qərar onların dini azadlığını, bərabərlik hüququnu və özünüifadə haqqını pozur.

Bu məsələ təxminən iki il əvvəl 57 yaşlı “Ana Mariya Qarsiya” ölkə xaricindəki ailəsini ziyarət etmək üçün pasport müraciəti etdikdə başlayıb. Onun müraciəti rəsmi foto üçün hicabını çıxarmadığına görə rədd edilib.

Onun işi o vaxtdan Ali Ədalət Məhkəməsinə (SCJN) göndərilib və hazırda da baxılmaqdadır.

Oxşar bir hadisədə “Ovamariya Belm Lozano” beynəlxalq iş imkanını itirib; çünki onun pasport şəkli hicablı olduğuna görə qəbul edilməyib.

Bu rədd qərarı yüzlərlə müsəlman qadını pasport şəkillərində hicablı olmaq hüququnu müdafiə etmək üçün “Mariya Hicabi” (Marea Hijabi) adlı hərəkatı yaratmağa sövq edib.

Hərəkatda iştirak edən qadınlar vurğulayıblar ki, Milli Seçki İnstitutu (INE) qadınlara şəxsiyyət vəsiqəsi üçün hicabla şəkil çəkdirməyə icazə verir ki, bu da dövlət qurumlarında ikili standartın olduğunu göstərir.

Bu qadınlar Meksika İslam Şurasının dəstəyi ilə inzibati məhkəməyə şikayət təqdim ediblər. İnzibati Məhkəmənin 11-ci dairəsinin hakimi “Aqostin Tello Espindola” qərara alıb ki, qadınları pasport şəkli üçün baş örtüyünü çıxarmağa məcbur etmək Konstitusiyaya ziddir və qeyd edib ki, identifikasiya üçün yalnız üzün aydın görünməsi kifayətdir; hicab isə kimliyin təsdiqlənməsinə mane olmur.

Bununla belə, Meksikanın Xarici İşlər Nazirliyi (SRE) bu qərardan şikayət verib və işi yenidən Ali Məhkəməyə qaytarıb.

Gözlənilir ki, bu mübahisə Meksikada dini azadlıq və rəsmi identifikasiya qaydaları ilə bağlı mühüm hüquqi presedent yaradacaq.

4316984

captcha