“İQNA”-nın “RT”-yə istinadla verdiyi xəbərə görə, Diyrbörndə Quranı yandırmaq cəhdi şəhərdə gərginliyi artırıb və şəhərin müsəlman sakinləri bu hərəkətə “Diyrbörn hamı üçündür” şüarı və sülh mesajı ilə cavab veriblər.
Məlumata görə, gərginlik dünən, çərşənbə axşamı günorta saatlarında Şefer və Miçiqan küçələrində iki etiraz aksiyasının birləşməsi ilə yüksəlib və antiislam fəallar müsəlman sakinləri təxribata çəkməyə çalışıblar.
Yerli xəbərlərə əsasən, toqquşmaların şiddətlənməsi, 6 yanvar Konqres basqınında iştirak edən Cek Lanq adlı şəxsin Miçiqan küçəsinə çataraq Qurani-Kərimin bir nüsxəsini yandırmağa cəhd etməsi ilə başlayıb.
Lanqın Quranı dəfələrlə yandırmaq cəhdi müsəlman etirazçıların müdaxiləsinə səbəb olub və sonda onlardan biri Qurani-Kərimi oradan uzaqlaşdıraraq ərazini tərk edib.
Polis sakitliyi qorumaq üçün əraziyə 7 patrul qüvvəsi yerləşdirib və gərginlik artdıqca dərhal müdaxilə edib. Məlumata görə, şəhər meriyasının qarşısında bir nəfər saxlanılıb.
Bununla yanaşı, Miçiqan qubernatorluğuna Respublikaçı namizəd Entoni Hadson əvvəlki çıxışında etirazları “xaç yürüşü” adlandırmaqdan geri çəkildikdən sonra ayrıca bir mitinq keçirib.
O, əvvəl etirazlarını “xaç yürüşü” kimi təsvir etsə də, Diyrbörndəki üç məscidi ziyarət etdikdən sonra mövqeyini dəyişib. Bu dəyişiklik Cek Lanqın qəzəbinə səbəb olub və o, Hadsonun kampaniya avtobusunun üzərinə təhqiredici ifadələr yazıb.
Etirazda antiislam fəallar da iştirak ediblər, lakin müsəlman iştirakçılar vurğulayıblar ki, onların məqsədi İslamın sülh dini olduğunu və Diyrbörnün hər kəs üçün bir şəhər olduğunu bildirməkdir.
Miçiqandakı Diyrbörn şəhəri çoxmillətli bir məkandır və burada çoxlu sayda ərəb icması yaşayır. Bu da Diyrbörnu ABŞ-dakı ən böyük ərəb icmalarından birinə çevirir.
4317884