“İQNA”-nın xəbərinə görə, Əbu Əli ləqəbi ilə tanınan şəhid Heysəm Əli Təbatəbai 5 noyabr 1968-ci ildə Beyrutun Başura bölgəsində dünyaya gəlib.
O, İslam Müqaviməti yarandığı gündən bu hərəkatla birgə fəaliyyət göstərib, çoxsaylı hərbi və komandanlıq kursları keçib və xüsusilə 2000-ci ildə Cənubi Livanın azadlığından əvvəl “İsrail ordusu”nun mövqelərinə və onun əməkdaşlarına qarşı aparılan bir çox hərbi əməliyyatlarda, o cümlədən mühüm və məşhur əməliyyatlarda iştirak edib.
1993 və 1996-cı illərdə də İsrail rejiminin Livana qarşı təcavüzkar hücumlarına qarşı mübarizədə mühüm rol oynayıb və 1996-cı ildən 2000-ci ildə azadlığa qədər Nəbtə bölgəsi üzrə müqavimət xəttinin rəhbəri olub. O, həmçinin işğal altındakı Şəbaa fermalarında yerləşən Birkət ən-Naqar bölgəsində sionist əsgərlərinin əsir götürülməsi əməliyyatının komandirlərindən biri idi.
2000–2008-ci illər arasında şəhid Təbatəbai Xiyam istiqamətinin rəhbəri olub və 2006-cı ilin iyulunda İsrailin hücumu zamanı Xiyam cəbhəsində sionist düşmənə qarşı qəhrəmancasına döyüşləri idarə edib.
O, daha sonra İslam Müqavimətinin xüsusi təyinatlı qüvvələrinə rəhbərlik edib və İmad Muğniyənin şəhadətindən sonra Rızvan qüvvələrinin yaradılması və inkişafında iştirak edib.
Şəhid Heysəm Əli Təbatəbai təkfirçi qruplara qarşı Livanın şərq sərhədlərində keçirilən əməliyyatların planlaşdırılması və idarə edilməsində başlıca komandirlərdən biri idi.
O, eyni zamanda 2024-cü ildə keçirilən Əvvəlil-Bəs əməliyyatının komandanlarından biri olub və şəhadət anına qədər Livan İslam Müqavimətinin hərbi komandanı vəzifəsini icra edirdi.
Hizbullah bazar günü gecə23 noyabrda rəsmi bəyanat yayaraq böyük cihad komandanı Heysəm Əli Təbatəbainin (Seyyid Əbu Əli) şəhadətini elan edib və bildirib ki, o, İsrail rejiminin Beyrutun Cənub Dahiə bölgəsində yerləşən “Harə Hərik” məhəlləsinə endirdiyi hava hücumu nəticəsində şəhid olub.
Sionist işğal rejimi bazar günü axşam 23 noyabrda Beyrutun “Cənub Dahiə” bölgəsini hava hücumuna məruz qoyub.
4318904