“İQNA”-nın “əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, dünyanın katoliklərinin lideri 14-cü Papa Leo, onu Livana aparan təyyarədə keçirdiyi ilk mətbuat konfransında İsrail və fələstinlilər üçün iki dövlətli həllin vacibliyini vurğulayıb.
O deyib: “İsrail hazırda iki dövlətli həll yolunu rədd edir, halbuki bu, davam edən münaqişəyə son qoymağın yeganə yoludur.”
Papa bu gün, bazar günü günortadan sonra 48 saatlıq səfər üçün Livanın paytaxtı Beyruta daxil olub. Bu səfər may ayında papalıq vəzifəsini qəbul etdikdən sonra ilk rəsmi xarici səfərinin ikinci dayanacağıdır; birinci dayanacağı isə Türkiyə olub.
Papa, həmçinin Livanın prezidenti Cozef Aoun, baş nazir Nəvvaf Salam və parlament sədri Nəbi Berri ilə görüşüb və söhbətlər aparıb.
Papa xalqa müraciətində deyib: “Siz elə bir xalqsınız ki, təslim olmursunuz, çətinliklər qarşısında səbir və müqavimət göstərirsiniz və necə yenidən doğulmağı bilirsiniz. Siz müxtəlifliklərlə dolu bir ölkəsiniz, bir dildə – ümid dilində birləşmiş cəmiyyətlərin cəmiyyətisiniz və bu da sizə yenidən başlamağa imkan verib.”
14-cü Papa Leo qeyd edib: “Elə yaralar var ki, əgər dərhal müalicə edilməsə, onların sağalması üçün illər, bəzən isə bütöv nəsillər lazım olur. Yaxşılığın şərə qalib gəldiyi bir gələcəyə doğru irəliləyiş olmadan davamlı bir barış mümkün deyil. Sülhpərvərlər qaçmırlar; onlar qalmağa cəsarət edirlər, hətta bu, fədakarlıq tələb etsə belə.”
O əlavə edib: “Sülh yalnız tarixi və coğrafi bağlara əsaslanan canlı və praktik bir mühitdə çiçəklənə bilər.”
4320123