IQNA

Malayziyalı siyasətçinin Quran təlimlərinin həyata keçirilməsi çağırışı

12:21 - December 07, 2025
Xəbər sayı: 3499355
İQNA - Selanqor ştatının baş naziri dünya müsəlman liderlərini Qurani dəyərləri İslam cəmiyyətlərinin gündəlik həyatında tətbiq etməyə çağırıb.

“İQNA”-nın “Bərnama” agentliyinə istinadən verdiyi məlumata görə, Selanqor ştatının baş naziri Amiruddin Şəri 2025-ci il Dünya Quran Konvensiyasının (The World Quran Convention) açılış mərasimində çıxış edərək, müsəlman liderləri və cəmiyyətlərini Qurani prinsipləri sosial və iqtisadi inkişaf üçün praktik strategiyalara çevirməyə dəvət edib. 

O, tədbirdəki çıxışında bildirib ki, Qurani-Kərim təlimləri yalnız fərdi imanı formalaşdırmır, həm də müasir çağırışlarla mübarizə üçün siyasət quruculuğu, iqtisadi planlaşdırma və strateji tədbirlər üçün praktik bir layihə rolunu oynayır. 

Selanqor baş naziri əlavə edib: “Quran uzaqdan heyran olunacaq bir mətn deyil, iqtisadiyyatlarımızı, institutlarımızı və cəmiyyətlərimizin gələcəyini formalaşdıran canlı bir hidayət mənbəyidir.” 

Amiruddin sözlərinə davam edərək deyib: “Bəzi ayələr nizam-intizama, komanda işinə və təşəbbüslərin mənəvi və etik prinsiplərlə uyğunlaşdırılmasına diqqət çəkir; bu, zəifləri qoruyan, sərvətin ədalətli bölgüsünü təşviq edən, istismarı rədd edən və ləyaqət, şəffaflıq və hesabatlılığı dəstəkləyən əxlaqi çərçivədir.” 

O, həmçinin Selanqor ştatını bu prinsiplərin tətbiqinə nümunə kimi göstərərək əlavə edib: “Dövlət kiçik sahibkarları və mikro biznesləri gücləndirmək, maliyyə təminatına çıxışı yaxşılaşdırmaq, ailələrə davamlı dolanışıq əldə etmək üçün təlim və dəstək vermək məqsədilə proqramlar həyata keçirib.” 

Selanqor baş naziri davam edib: “Görülən çoxsaylı səylər arasında halal idarəetmə Qurani dəyərlərin məqsədyönlü siyasətə çevrilməsinin ən bariz nümunələrindən biridir.” 

Amiruddin deyib: “Selanqor yarım əsrdən artıqdır ki, halal nəzarəti institusionalizə etməyə çalışır və onu dövlət, sənaye və cəmiyyət arasında ortaq məsuliyyət kimi qəbul edir. Selanqor indi Malayziyanın ən fəal halal ekosistemlərindən birinə ev sahibliyi edir.” 

2025 Dünya Quran Konvensiyasının şüarı Qurani-Kərimin “Səff” surəsinin təlimlərinin qlobal iqtisadi inkişaf həllərinin formalaşdırılmasında əhəmiyyətini vurğulayır. 

İki günlük proqramda tanınmış natiqlər – Bayyinah İnstitutunun qurucusu Nouman Ali Khan; Warith al-Ummah Ikhlas Fondunun baş məzmun direktoru Fazl al-İsmail və Oxford Intellect-in icraçı direktoru İmran Ələvi iştirak edirlər. 

Bundan əlavə, Dünya Quran Konvensiyası 2025 “Səff12” kampaniyasını təqdim edib. Bu, Saff surəsinin mesajını düşüncədən strukturlaşdırılmış fəaliyyətə və uzunmüddətli əməkdaşlığa çevirmək üçün ümmətin sosial və iqtisadi həyatın on iki əsas sahəsindəki rolunu müəyyən edən hərtərəfli bir çərçivədir. 

4321355

captcha