“İQNA”-nın “Arabi 21”-ə istinadla verdiyi məlumata görə, Suriya mediası Suriyanın sabiq müftisi olan Əhməd Bədrəddin Həssun haqqında edam hökmünün verildiyini yayıb.
Məlumatlarda qeyd olunur ki, bir neçə ay öncə həbs olunan Həssun, Bəşər Əsəd hökumətinin digər rəsmiləri ilə birlikdə edama məhkum edilib.
Lakin Suriya yeni hökumətinin ədliyyə naziri Məzhar əl-Lüveys bu şayiələri təkzib edərək bildirib ki, Həssunun işi hələ məhkəmə orqanlarında araşdırılır və Ədliyyə Nazirliyindən Daxili İşlər Nazirliyinin istintaq hakiminə göndərilib.
O əlavə edib: “Əgər hakim, Həssunu qanuna görə günahkar saysa, hökm çıxaracaq və işi məhkəməyə göndərəcək, əgər ona bəraət qazandırsa, azad ediləcək”.
Lüveys, Şeyx Bədrəddin Həssunun oğlunun atasının səhhətinin ağırlaşması ilə bağlı mətbuata verdiyi açıqlamadan sonra vurğulayıb ki, Həssun tam sağlamdır və həbsxanada nəzarət altındadır.
Ötən avqust ayında Suriya Ədliyyə Nazirliyi Bəşər Əsəd rejiminin tanınmış simaları – Şeyx Bədrəddin Həssun, general-mayor Atif Nəcəib (Siyasi Təhlükəsizlik Şöbəsinin sabiq rəisi), Məhəmməd əş-Şaar (sabiq daxili işlər naziri) və general-leytenant İbrahim Huvaycə (Hərbi Hava Qüvvələrinin sabiq kəşfiyyat idarəsinin rəisi) barədə aparılan istintaqdan parçalar yayımlamışdı.
Qeyd olunmalıdır ki, istintaq hakimi, Həssunu “təhrik, əlbirlik və qətldə iştirak”da ittiham edib.
4322292