“İQNA”-nın “Muslim Mirror”a istinadən verdiyi xəbərə görə, videoda Nitish Kumarın bir müsəlman qadının – alternativ təbabət üzrə həkim təyin olunan Dr. Nusrat Pərvinin – hicabını çıxardığı görünür. Hadisə ötən bazar ertəsi Patna şəhərində, təyinat məktubunun təqdim edildiyi mərasimdə baş verib.
Videonun yayılmasından sonra Hindistanın siyasi dairələrində və sosial şəbəkələrdə qəzəb dalğası yaranıb. Əsas partiyalar, o cümlədən Konqres Partiyası, Bihar baş nazirinin bu hərəkətini pisləyiblər. Nitish Kumarın istefası və məsuliyyət daşıması ilə bağlı çağırışlar artıb. Hadisə bir daha şəxsi ləyaqət, dini azadlıq və yüksək vəzifəli şəxslərin müsəlman qadınlara münasibəti mövzusunu gündəmə gətirib.
Bu qeyri-etik hərəkətə cavab olaraq Hindistanda yeddi islam təşkilatı – o cümlədən Hindistan İslami Camaatı, Hindistan Alimlər Camaatı və İmamiyyə Alimlər Məclisi – Kumarın hərəkətini “hicaba və qadının ləyaqətinə təhqir” adlandıraraq pisləyiblər. Onların bəyanatında vurğulanıb ki, müsəlman qadınlar üçün hicab sadəcə bir parça paltar deyil, dini kimlik, şəxsi ləyaqət və daxili gözəlliyin ifadəsidir. Bu təşkilatlar siyasətçidən üzr istəməsini tələb ediblər.
Digər tərəfdən, Pakistanın Pəncab Məclisinə bu hadisəni pisləyən qətnamə təqdim olunub. Qətnamədə bu hərəkət insan ləyaqətinin, dini azadlığın və qadın hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilib. Qətnamə Rəna Məhəmməd Ərşəd, Rahilə Xadim Hüseyn və bir neçə digər deputat tərəfindən birgə təqdim olunub. Onlar bu hadisəni “utancverici” adlandıraraq sərt şəkildə pisləyiblər və qeyd ediblər ki, belə davranış hər hansı müasir cəmiyyətdə qəbuledilməzdir və azlıqlara qarşı qərəzli, avtoritar münasibəti göstərir.
Cammu və Kəşmirin sabiq baş naziri Mehbooba Mufti də Nitish Kumarın davranışını tənqid edənlərə qoşulub və onun istefasını tələb edib. Mufti, Kumarla şəxsi tanışlığı və hörmətinə baxmayaraq, bu hərəkəti “şokedici” adlandırıb və bunu müsəlmanların açıq-aşkar təhqirinin adi hala çevrilməsinin narahatedici göstəricisi kimi qiymətləndirib. O, həmçinin baş nazirin ətrafındakıların bu hadisəni tamaşa kimi izləməsindən narahatlığını bildirib və bunu hadisənin özündən daha nifrət doğuran hal kimi dəyərləndirib.
Amnesty International da açıqlama verərək Bihar baş nazirinin bu hərəkətini qadının ləyaqətinə, azadlığına və kimliyinə açıq hücum adlandırıb. Təşkilat bildirib ki, rəsmi mərasimdə baş verən bu davranış yanlış mesaj verir – guya belə hərəkətlər qəbul edilə bilər.
Amnesty International Hindistan Şurasının rəhbəri Akar Patel vurğulayıb ki, bu hadisə qorxunun yayılmasına, ayrı-seçkiliyin adi hala çevrilməsinə və bərabərlik ilə dini azadlığın əsaslarının zəifləməsinə səbəb olur. O, bu davranışın qəti şəkildə pislənməsini, məsul şəxsin cavab verməsini və gələcəkdə heç bir qadının oxşar təhqiramiz davranışa məruz qalmaması üçün təcili tədbirlər görülməsini tələb edib.
Amnesty International əlavə edib ki, bu hadisə Dr. Nusrat Parvinin fərdi hüquqlarının ciddi şəkildə pozulmasıdır.
Bharatiya Janata Partiyası (BJP) və müttəfiqləri uzun müddətdir müsəlman qadınların hicab istifadəsinə qarşı mübarizə aparırlar. 2022-ci ildə BJP hökuməti Cənubi Karnataka ştatında dərs otaqlarında hicabı qadağan etmiş və bu, müsəlman icmasının geniş etirazına səbəb olmuşdu. Həmin ilin sonunda Ali Məhkəmənin iki hakimdən ibarət heyəti bu məsələ ilə bağlı ziddiyyətli qərar vermişdi. Bir neçə hindu qrup isə ölkə miqyasında hicabın tam qadağan olunmasını tələb etmişdi.
4323643