İstiğfar həm dünyəvi, həm də axirət həyatında çoxsaylı təsirlərə malikdir; mənəvi təsirləri demək olar ki, aydındır, lakin istiğfarın dünyəvi həyata təsiri izaha ehtiyac duyur. İnsan davranışları ümumilikdə üç formada təsir göstərə bilər: birbaşa, dolayı və qeybi.
İslam dünyagörüşündə bütün hadisələr onların Xaliqinə qayıdır (Ali-İmran: 109; Fatir: 18) və Onun iradəsi ilə, “səbəblər” vasitəsilə meydana gəlir. Bu səbəblər yalnız təbii səbəblərlə məhdudlaşmır, müşahidə və insan biliyinin hüdudlarından kənarda olan, yalnız vəhyin öyrətdiyi mənəvi amillər də mövcuddur.
Qurandakı ayələrə görə, insan əməlləri ilə təbiət sistemi arasında xüsusi bir əlaqə mövcuddur; elə ki, bəşər cəmiyyəti iman və əməl baxımından fitri tələblərə uyğun davrandıqda, bərəkət qapıları üzünə açılar, əgər fəsad törətsələr, onları məhvə sürükləyər (Rum: 41; Əraf: 96; Rəd: 11; Şura: 30). Bu bağlılıqların mühüm bir hissəsi anlaşılandır, lakin bir hissəsi insan biliyinin hüdudlarından kənardadır.
Qüdsi bir hədisdə Uca Allah izzət və cəlalına and içərək buyurur:
“Heç bir bəndə Mənim istəyimi nəfsinin istəyinə üstün tutmaz, məgər ki, onun canına ehtiyacsızlıq yerləşdirərəm, axirəti onun fikri və zikri edərəm, göyü və yeri onun ruzisinin təminatçısı edərəm və hər bir tacirin ticarətində onun tərəfi olaram”. Bu son ifadə göstərir ki, ticarət qanunsuz deyil, bazara hakim bir sistem mövcuddur və Allah istəsə, onu tacirin xeyrinə yönəldər.
Beləliklə, “istiğfar”ın iqtisadi inkişaf üzərində təsiri (Nuh: 10-12) iki yöndən izah olunur:
- Birincisi, həqiqi istiğfar yalnız dil ilə bağışlanma istəyi deyil, onun mühüm hissəsi əxlaqi və davranış çirkinliklərindən qurtuluş üçün əməli istəkdir. Bu səbəbdən, istiğfarın iqtisadi təsirlərinin bir hissəsi insanın davranışının islahından qaynaqlanır ki, bu da müştəri cəlb etməyə səbəb olur.
- Lakin dini mətnlər göstərir ki, istiğfarın qeybi təsiri bundan qat-qat dərin və əhatəlidir.
3495259