“İQNA”, “Sarawak Tribune”-a istinadən xəbər verir ki, Quran-Kərimə hörmətsizlik etdiyi iddia edilən bir şəxs Malayziyanın Saravak əyalətinin paytaxtı və ən sıx məskunlaşımış şəhəri Kuçinqdə həbs edilib.
Tunku Əbdülrəhman küçəsi boyunca parçalanmış Quran səhifələrini göstərən viral video 57 yaşlı şəxsin bazar ertəsi günü həbsinə səbəb oldu.
Hadisə keçən cümə günü (23 yanvar) baş verib və onun aşkarlanması ilə bağlı iki video internet istifadəçisi tərəfindən Facebook-da yüklənərək ictimai narahatlıq doğurub. Hadisə həm də yaxınlıqdakı CCTV kameraları ilə təsdiqlənib.
Kuçinq polis rəisi Alekson Naqa Çabu bildirib ki, şübhəli hadisə ilə bağlı araşdırmalar aparıldıqdan sonra Taman Qrin Hill bölgəsindəki bir restoranda həbs edilib.
O əlavə edib: "İlkin araşdırmalar göstərir ki, şübhəlinin ruhi sağlamlıq problemləri ola bilər. Bu hərəkət irq, din münasibətlərində gərginlik yaratmaq və ya kral ailəsinə hörmətsizlik etmək məqsədi ilə həyata keçirilməyib."
Alekson bildirib ki, iş, dinə təhqir məqsədi ilə müqəddəs kitaba hörmətsizlik etdiyinə görə Cinayət Məcəlləsinin 295-ci bölməsi əsasında – cəzası iki ilədək həbs, pul cəriməsi və ya hər ikisi ilə nəticələnən cinayət kimi araşdırılır.
Polis həmçinin işi 1998-ci il Rabitə və Multimedia Qanununun 233-cü maddəsi üzrə də araşdırır ki, bu da maksimum 50 min rinqgit pul cəriməsi, bir ilədək həbs və ya hər ikisini nəzərdə tutur.
Hadisə ilə bağlı əlavə məlumatı olan vətəndaşlar ən yaxın polis məntəqəsi ilə əlaqə saxlamaya dəvət olunublar.
4330676