“İQNA”, İraqdan verdiyi məlumata görə, Nəcəf-Əşrəf elmi hövzəsinin görkəmli müəllimlərindən olan Ayətullah Şeyx Həsən Cəvahiri, kəskin bir bəyanat yayaraq, İran İslam Respublikasına qarşı davamlı təcavüz və təzyiqləri pisləyib və vurğulayıb ki, bu gün İslam İranına qarşı gedən proseslər yalnız xarici təhdid və tədbirlərlə məhdudlaşmır, həm də "zalım güclər" və ilk növbədə "Böyük Şeytan" tərəfindən dəstəklənən və birbaşa idarə olunan təşkilatlı daxili qarışıqlıq və narazılıqların yaradılması ilə həyata keçirilir.
Həzrət Ayətullah Şeyx Həsən Cəvahirinin bəyanatının tam mətni aşağıdakı kimidir:
Bismillahir-Rəhmanir-Rəhim.
Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Salavat və salam Onun yaradılışının ən yaxşısı Həzrət Məhəmmədə (s) və Onun pak və təmiz əhli-beytinə olsun.
Mütəal Allah Öz möhkəm Kitabında buyurur: "Müharibəyə məruz qalanlara, onların zülmə uğramaları səbəbilə (qiyam etmələrinə) izin verilmişdir. Şübhəsiz ki, Allah onlara yardım etməyə qadirdir." (Həcc surəsi, 39-cu ayə). Həmçinin buyurur: "Ey iman gətirənlər! Səbir edin, (düşmən qarşısında) möhkəm durun, (sərhədlərdə) keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız." (Ali-İmran surəsi, 200-cü ayə).
Ey müsəlmanlar! Şeytan bir daha insanların gözü qarşısında İslamı zəiflətmək və devirmək üçün çirkin üzünü və mənfur davranışını üzə çıxardı. O, öz qüvvələrini və muzdlu əsgərlərini toplayıb ölkələrin işlərinə qarışmaq üçün göndərir.
İndi isə İran İslam Respublikası bir daha Böyük Şeytanın və onun ardıcıllarının hücumuna hədəf olub. Həmin dövlət ki, İslamın, müsəlmanların və məzlumların müdafiəçisidir və Allahın yer üzü üçün istədiyi ilahi ədaləti, məzlumları müdafiə etmək yolu ilə ilahi metodun həyata keçirilməsi ilə müdafiə edir.
Bizə yaraşan budur ki, bu təcavüzün qarşısında duraq, onu pisləyək və İslamın və müsəlmanların müdafiəsində, İslamı və müsəlmanları alçaldan Böyük Şeytanın və onun ardıcıllarının hücumları qarşısında aydın bir mövqe tutaq. "Bizdən zillət uzaqdır"; Allah və möminlər bizim üçün zilləti qəbul etməyiblər.
Ey dininə və öz torpağına, İslam torpağına qarşı qeyrətli olanlar! Kafirlərin və şeytanların media və tribunalarına qulaq asmaqdan və mömin qardaşlarınızı terrorçuların mənbərələrinə oturtmaqdan çəkinin, çünki bu, məhz şeytanın möminlər arasında ixtilaf salmaq və Allahın dinini yer üzündən silmək işidir.
Buna görə də hər bir müsəlmana ki, İslamı öz dini, Quranı həyat metodu hesab edir, Əziz Peyğəmbərə (s), pak imamlara (ə) və risalət və şəriətin köməkçiləri olan fəqihlərə iman gətirir, vacibdir ki, İran İslam Respublikasında təcəssüm olunan İslamı müdafiə etmək üçün ayağa qalxsın və yalanları ifşa etsin; hətta bir sözlə, bir neçə sətir yazmaqla, ya da müsəlmanların qələbəsi üçün dua etmək üçün əllərini qaldırmaqla olsa belə. "Qələbə yalnız Qüdrətli və Hikmətli Allahdandır." (Ali-İmran surəsi, 126-cı ayə). "Biz isə istəyirdik ki, yer üzündə aciz qalmışlara lütf edək, onları öndərlər edək, onları varislərə çevirək, onlara yer üzündə hakimiyyət verək və Firona, Hamana və onların əsgərlərinə, onların qorxduqları şeyi başlarına gətirək." (Qəsəs surəsi, 5-6-cı ayələr). Uca Allah doğru dedi, Onun böyük Peyğəmbəri doğru dedi və biz bu həqiqətə şahidik.
4330562