IQNA

Stokholm məscidinə irqçi hücumda Qurana hörmətsizlik

11:21 - December 22, 2025
Xəbər sayı: 3499452
İQNA – İsveçin paytaxtı Stokholmda islamofob irqçi ekstremistlərin hücumu zamanı bir Quran nüsxəsi məscidin dəhlizində zəncirlənərək təhqir edilib.

“İQNA”–nın “TRT”-yə istinadən verdiyi məlumata görə, şənbə günü məscid rəhbərliyi tərəfindən yayılan bəyanatda bildirilir ki, məscidin dəhlizində zəncirlənmiş bir Quran nüsxəsi tapılıb və onun üzərində altı güllə izi olub. 

Məscidin müdiri Mahmud əl-Xəlifə “Anadolu” agentliyinə açıqlamasında bildirib: “İrqçi və islamofob hücumlar günü-gündən artır.” O əlavə edib ki, tapılan Quranda ərəb və isveç dillərində belə yazılmışdı: “Ziyarətiniz üçün təşəkkür edirik, amma evə getmək vaxtıdır.” Əl-Xəlifə bu mesajı “müsəlmanlara qarşı açıq-aşkar nifrət və irqçilik aktı” adlandıraraq, İsveçdə islamofob təxribatların və nifrət cinayətlərinin ciddi şəkildə artdığı bir dövrdə bu hadisənin baş verdiyini vurğulayıb. O, polis tərəfindən hadisə ilə bağlı istintaqa başlanıldığını və bunun müsəlman icmasında geniş qəzəb doğurduğunu təsdiqləyib. 

Son bir ildə İsveçdə Qurana hörmətsizlik məsələsi ölkənin ən ciddi ictimai-siyasi böhranlarından birinə çevrilib. Bu böhran Stokholmda bir neçə məscidin qarşısında islamofob mitinqlərlə başlayıb və sonda məhkəmə hökmü və əsas təşkilatçılardan birinin ölümü ilə yeni mərhələyə daxil olub. 

2023-cü ilin yayında İraq əsilli iki qaçqın – Səlvan Momika və Səlvan Nəcm – paytaxtdakı “Cümə” məscidi və digər islam məkanlarının qarşısında bir neçə aksiya keçirərək Quran nüsxələrini yandırıblar. Bu hərəkət yalnız müsəlmanları təhrik etməklə kifayətlənməyib, həm də İsveç hökumətinə qarşı dünya miqyasında etiraz dalğası yaradıb. 

Bu hadisələrdən sonra geniş beynəlxalq reaksiyalar meydana gəlib. İran, Türkiyə, Səudiyyə Ərəbistanı və Rusiya da daxil olmaqla bir çox dini alimlər, dövlətlər və islam qurumları bu davranışı açıq şəkildə pisləyiblər. Onlar bu addımı dini təxribat və nifrət təbliğatının bariz nümunəsi adlandıraraq, İsveçdə söz azadlığı qanunlarının dəyişdirilməsini və bu cür təcavüzlərin təkrarının qarşısının alınmasını tələb ediblər. Analitiklər İqna-ya açıqlamalarında qeyd ediblər ki, bu hadisə təkcə İsveçin İslam dünyasındakı imicinə zərbə vurmayıb, həm də İsveçli ekspertlərin sözlərinə görə, ölkənin daxili təhlükəsizliyi və xarici əlaqələrinə ciddi təsir göstərib. 

4324242

captcha